Modern.az

Arayik getdi, Şahramanyan gəldi: Rusiyanın yeni oyunu

Arayik getdi, Şahramanyan gəldi: Rusiyanın yeni oyunu

Analitika

5 Sentyabr 2023, 14:10

Bir müddət əvvəl Arayik Arutyunyan Qarabağ separatçılarının "rəhbər"liyindən istefa verib. O, bu addımı atmazdan öncə qondarma “təhlükəsizlik şurasının katibi” Samvel Şahramanyanı “dövlət naziri” təyin edib.

 

Bir çox müşahidəçi deyir ki, Arayik bu addımı ilə əslində özünə "varis" təyin edib. Şahramanyan İrəvanda Beynəlxalq iqtisadiyyat fakültəsinə daxil olub, 1998-ci ildə Xankəndidəki "universitet"ə keçib və 1999-cu ildə oranı bitirib.

 

Şahramanyan 1996-1999-cu illərdə Qarabağdakı qanunsuz silahlı dəstədə “xidmət” edib. 2008-ci ildən Qarabağdakı qondarma qurumda bir sıra “vəzifələrdə” çalışıb. 29 may 2020-ci il tarixində “general-mayor” olub.

 

Milli Məclisin deputatı Vüqar İskəndərov Samvel Şahramanyanın rusyönümlü olduğunu qeyd edib:

 

“Erməni separatçılarının “rəhbəri” Arayik Arutyunyanın istefaya getməsi və onun yerinə Samvel Şahramanyanın müvəqqəti olaraq gəlməsi təbii ki, bir çox təzyiqlərin nəticəsidir. Samvel Şahranmanyan əvvəllər bir neçə “vəzifə” daşıyıb. Onun oğlu da 44 günlük Vətən müharibəsində ölüb. Deyilənə görə onun seçilməsi həm də münasibətlərin yumşalmasına hesablanıb. Bu zonadakı dırnaqarası bütün vəzifəlilərin hər biri Rusiyanın təsiri altında olan insanlardır. Biz inanmırıq ki, orada Qərbyönümlü və digəryönümlü insanlar mövcuddur. Onlar Rusiya ilə bağlı insanlar ola bilər.  Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın ərazilərə təsirinin azalmasından sonra burada əsas faktor Azərbaycandır. Rəsmi Bakı təzyiqləri davam etdirir”.

Deputat söyləyib ki, bütün separatçılar geriyə çıxış yollarının olmadığını anlayırlar:

 

“Azərbaycan öz suveren ərazilərində konstitusional hüquqlarını bərpa edəcək. Düşünürük ki, Moskva bununla, yəni bir az yumşaq fiqur irəli sürməklə Azərbaycanla hər hansı danışıqların olmasını hesablayır. Lakin rəsmi Bakının addımları qətidir. Həmin ərazilərdə bir nəfər də separatçı qalmayacaq. Müharibədən əvvəl, müharibə zamanı və müharibədən sonra kimlərin əli cinayətə bulaşıbsa, Azərbaycanın qanunları ilə mühakimə olunacaq. Azərbaycan Cinayət Məcəlləsi ilə məsuliyyətə cəlb olunacaqlar. Bu proses artıq başlayıb. İndiki proseslərdə rəsmi Bakı dəfələrlə əli qana bulaşmamış insanların danışıqlara gəlməsində və oradakı erməni vətəndaşlarımızın reinteqrasiya prosesində israrlıdır. Düşünürük ki, proses bu istiqamətdə davam edəcək. Özlərini “deputat” “nazir”, “prezident” və sair adlandıranların hər biri  gecikmədən bu qondarma vəzifələrindən imtina edərək Azərbaycanın təklif etdiyi məsələlərə boyun əyməli və Azərbaycan bayrağı altında yaşamağı seçməlidirlər”.

 

Politoloq Natiq Miri də Samvel Şahramanyanın Rusiyameyilli olduğunu düşünür:

 

"Arayik Arutyunyanın "istefaya" getməzdən öncə bir "zirzəmi anlaşması" olub. Bu zirzəmidə separatçı rejimin 3 quldur “rəhbər”i görüşüb. Burada Arayikin istefası və “dövlət naziri” kimi Samvel Şahramanyanın təyin edilməsi razılaşdırılmışdı. Əgər Qarabağ klanının üzvləri kimi tanınan separat rejimin rəhbərləri ilə bu məsələ razılaşdırılıbsa və onların maraqlarına belə uyğundursa, onda Şahramanyanın Qərbyönümlü adam olması istisna olur. Ayrıca fikir verirsinizsə, Qaranbağ klanının başında duran Sarksiyan və Köçəryan kimi tiplər Arayikin istefasından və Şahramanyanın təyinatından məmnunluqlarını bildirirlər. Bu baxımdan Şahramanyandan Azərbaycana yönəlik hansısa bir  müsbət addımların gözlənilməsi doğru deyil. Bu gün Qarabağ ideyası adı altında bütün erməniləri bir yumruq kimi birləşdirmək və Azərbaycana qarşı dirəniş hərəkatı layihəsini həyata keçirmək istəyirlər. Bu Rusiyanın yeni layihəsi və təzyiq mexanizmidir”.

N.Miri Samvel Şahramanyandan müsbət nəsə gözləməyin əbəs olduğunu qeyd edib:

 

“Bu cür gözləntilər üçün biz şərait yaratmalıyıq. Düşünürəm ki, bu istiqamətdə artıq ciddi hazırlıqlar gedir. Belə olduğu təqdirdə başqa çıxış yolu görməyən Şahramanyanlar nəinki Azərbaycanla danışıqlara gedəcək, hətta Azərbaycanın bütün şərtlərini qəbul etməyə hazır görünəcəklər. Buna görə yeni hadisələrə ehtiyac var”.

 

Politoloq Azərbaycanın Qarabağda demilitarizasiya prossesini həyata keçirib-keçirməyəcəyi ilə bağlı məsələyə də toxunub:

 

“Ermənistanın Baş naziri Nikol Paşinyanın son ritorikasına baxmaq lazımdır. Orada sülhdən ümumiyyətlə söhbət getmir. Əksinə separatçı rejimi dəstəməklə, növbəti dəfə Azərbaycana ərazi iddiasını ortaya qoyur. Baxmayaraq ki, onlar Azərbaycana qarşı heç bir ərazi iddialarının olmadığını deyirlər. Ancaq Nikol Paşinyan özünün dilə gətirdiyi ifadəni unudub. Paşinyan "Qarabağ Ermənistandır nöqtə" demişdi. Məhz bundan sonra əməliyyatlar başladı.  Bu ərazi iddiası deyil, bəs nədir? Ayrıca, separatçı rejimi təbrik etmək, yeni prespektivdə Ermənistan dövlətinin onları müdafiə edəcəyi  ilə bağlı bəyanat vermək ərazi iddiasıdır. Çünki separat rejimin istədiyi beynəlxalq müstəqil subyekt olmaqdır. Bu isə ərazi iddiasının ən bariz nümunəsidir. Əgər ərazi iddiası yoxdursa, nə üçün hər il Ermənistan büdcəsindən separatçı rejimə 360 milyon vəsait ayrılır. Bu gün Qarabağda olan qanunsuz erməni silahlı birləşmələr məhz həmin vəsait hesabına maliyyələşdirilir. Bütün bunlar sülh prosesinin tükəndiyini bilavasitə ortaya qoyursa, deməli ,bu alternativ müharibədir. Mən irihəcmli müharibədən danışmıram. Buna ehtiyac da yoxdur. Azərbaycanla genişmiqyaslı müharibə aparmaq üçün Ermənistan ordusunun imkanı yoxdur. Ancaq qısamüddətli, ən azı 3-4 günlük antiterror əməliyyatının keçirilməsi mümkündür. Mən buna sülh hərəkatı deyərdim. Sülh hərəkatı ilə separat rejimin ləğvi, reinteqrasiya prosesinin başladılması ilə Qarabağda girov qalan erməni əhalisinin azad edilməsi prosesini başlatmaq deyərdim. Düşünürəm ki, bu çox realdır. Bununla bağlı bütün hazırlıqlar başa çatıb. Sadəcə bunu görmək lazımdır. Əgər bunu görmürlərsə, Azərbaycan üçün başqa alternativ seçim qalmayıb. Çünki zaman Azərbaycan üçün çox bahalıdır. İndiki vəziyyətdə Qarabağ problemini Azərbaycan özü istədiyi kimi, ədalətli şəkildə bu il ərzində həll etməlidir. Sonra Azərbaycan üçün gec olacaq. Düşünürəm ki, antiterror, yəni sülh hərəkatı artıq an məsələsidir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi