Modern.az

Ermənistanla Azərbaycan arasında sülh üçün ən böyük MANEƏ

Ermənistanla Azərbaycan arasında sülh üçün ən böyük MANEƏ

Analitika

11 İyun 2024, 10:08

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında ciddi yol qət edilsə də, hələ də razılaşdırılmamış məsələlər mövcuddur. Bunların ən vacibi Ermənistan konstitusiyasındakı ərazi iddialarıdır. 

 

Prezident İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Ermənistana ciddi xəbərdarlıq edib. Dövlət başçısı bildirib ki, Ermənistanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda sülh sazişinin bağlanması mümkün deyil. Konstitusiyanın dəyişilməsi məsələsinə Ermənistan Baş naziri də müsbət yanaşma sərgiləmişdi. Lakin hələ də konstitusiya dəyişikliyi istiqamətində əməli addımlar atılmır.

 

Qeyd edək ki, Ermənistan Konstitusiyasının preambulasında yer alan Müstəqillik Bəyannaməsində həm Türkiyəyə, həm də Azərbaycana qarşı ərazi iddiaları var. Belə ki, Bəyannamə “1915-ci ildə Osmanlı Türkiyəsində və Qərbi Ermənistanda gerçəkləşən soyqırımın tanınması”nı dəstəkləyir. Burada həm qondarma erməni soyıqımı barədə iddialar, həm də Türkiyənin “Qərbi Ermənistan” adlandırılması narazılığa səbəb olub. Ermənilər “Qərbi Ermənistan” dedikdə Türkiyə Respublikasının 6 şərq vilayəti - Ərzurum, Van, Bitlis, Diyarbakır, Harput və Sivası nəzərdə tuturlar.

 

Bəs Ermənistan niyə hələ də konstitusiyasını dəyişmir? Sülh üçün Ermənistana bu istiqamətdə dəyişiklik etsin deyə təzyiq etmək olarmı?

 

"Ermənistan tarixi şansını qaçırmamalıdır"

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, Ermənistan konstitusiyası dəyişilmədən imzalanacaq sülh gələcəkdə pozulacaq:

 

"Ermənistan Konstitusiyasında 1991-ci il Müstəqillik Deklarasiyasına istinad edilir. Orada isə "Dağlıq Qarabağ" Ermənistanın bir hissəsi kimi göstərilir. Eyni zamanda bu ölkənin gerbində qonşu Türkiyədə yerləşən Ağrı dağ əks olunub. Məhz bu da qonşu dövlətin ərazisinə iddadır. Təsəvvür edin ki, biz Ermənistanla sülh imzalayırıq, lakin ölkənin ali qanununda, yəni konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası irəli sürülür. Sabah başqa siyasi qüvvələr hakimiyyətə gələndə bu sülh müqaviləsini etibarsız hesab edəcək. Çünki bu, Ermənistan konstitusiyasına ziddir. Bu baxımdan Ermənistan seçimini etməlidir. Ermənistan sülh, Azərbaycanla normal qonşuluq münasibətləri  və bundan irəli gələn bir çox faydaları qazanmaq istəyirsə, prinsipial məsələlərdə yenilik etməlidir".

 

A.Mirzəzadə Ermənistanın tarixi fürsəti qaçırmamalı olduğunu vurğulayıb:

 

"Konstitusiyanın dəyişdirilməsi məsələsi Ermənistanın daxili işidir. Bu, müəyyən zaman tələb edəcək.  Konstitusiyanı dəyişdirməklə Ermənistan Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərini qurmaq istəyində olduğunu göstərməlidir.Təəssüf ki, bunu biz hələ görmürük. Bir təxribatçı keşiş əhalinin bir hissəsini arxasına toplayıb, bütün ölkə üzrə gəzdirir. Ermənistan hüquq-mühafizə orqanları zəiflik göstərir,parlament  dövlətçilikdən başqa hər şeyi müzakirə edir. Prinsip baxımından Ermənistanın hakim dairələri bu istiqamətdə öz addımlarını atmalıdırlar. Nə vaxt, hansı formada bunu edəcəklər,öz işləridir.  Azərbaycan onlardan bunu gözləyir.  Danışıqlar gedir. Ermənistan tərəfi sülh sazişinin imzalanmasına az qaldığını deyir. Bu baxımdan düşünürük ki, Ermənistan tarixi şansını qaçırmamalıdır".

"Ermənistanın  heç bir manevr imkanları qalmayıb"

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin digər bir üzvü Elşad Mirbəşiroğlu qeyd edib ki, ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olacaq:

 

"Ermənilər 1918-ci ildə, ondan sonrakı dövrlərdə azərbaycanlılara qarşı cinayətlər törədib, 80-ci illərin sonunda azərbaycanlıları deportasiya etdilər. Yəni ermənilərin içərisində hər zaman Azərbaycan xalqına qarşı düşmənçilik hissləri qalacaq. Özümüzü aldatmamalı, tarixdən ciddi dərs almalıyıq. Cənab Prezident İlham Əliyev bunu yaxşı bilir. Ona görə də məsələləri köklü sürətdə həll etmək istəyir. Ermənistan konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır. Bunun üçün referendum keçirilməlidir. Paşinyan sülh ritorikasına çox üstünlük verir. Səbəb isə Azərbaycanın yaratdığı yeni reallıqlardır. Bu ölkənin başqa şansı yoxdur. Paşinyan Tavuşda əhali ilə görüşəndə onları məhz  müharibəylə qorxutdu. Paşinyan bilir ki, Azərbaycanla növbəti dəfə müharibə olarsa, onsuz da yox kimi olan ordu tamamilə məhv olacaq, Ermənistanın dövlət kimi varlığı sual altında qalacaq. Məsələnin digər tərəfi ondan ibarətdir ki, ermənilər hər zaman sülhdən danışsalarda, buna praktiki olaraq əməl etmirlər. Onlar sadəcə özlərini dünyaya sülh tərəfdarı olaraq tanıtmağa çalışıblar. Bu gün də Paşinyan özünü oxşar formada aparır  Sadəcə bu gün vəziyyət, geosiyasi konfiqurasiya dəyişilib. Ermənistanın  heç bir manevr imkanları qalmayıb".                                                                                                                         

 

E.Mirbəşiroğlu söyləyib ki, yenə də təsirli amil rolunda Azərbaycanın gücü çıxış edəcək:

 

"Sözsüz ki, biz Ermənistan Baş nazirinin səmimiyyətinə inanmamalıyıq. Həmin Paşinyan idi ki, Sarkisyan və Köçəryandan da sərt mövqe tuturdu. Şuşada Cıdır düzündə rəqs edən, "Qarabağ Ermənsitandır nöqtə" deyən də Paşinyan idi. Paşinyan elə həminkidir. Sadəcə biz Ermənistanı əzdikdən sonra Paşinyan da mövqeyini dəyişmək məcburiyyətində qaldı. Paşinyan bu gün konstitusiya dəyişikliyindən danışır. Ola bilsin ki, Paşinyan bu fikirləri sözdə deyir. Onun bu istiqamətdə istəyi olmadığı üçün heç bir praktiki addım atmır.  Amma düşünmürəm ki, hansısa erməninin Azərbaycan torpaqlarında gözü olmasın. Təcavüzkarlıq, işğalçılıq, qonşu dövlətin ərazilərinə iddia onların qanında var.  Ona görə də yenə də təsirli amil rolunda Azərbaycanın gücü çıxış edəcək. Bu günə qədər Ermənistanın sərgilədiyi bütün mövqelərə biz onları məcbur etmişik. Qətiyyən Paşinyanın, ermənilərin sülhpərvərliyindən irəli gələn mövqedən söhbət gedə bilməz.  Azərbaycan Ermənistanı əzib və onu sülhə məcbur edir. Bundan sonrakı məqamda da Ermənistanın haqlı və ədalətli mövqelərimizə uyğun mövqe sərgiləməsini öz gücümüzlə şərtləndirəcəyik".

Twitter
Sizə yeni tvit var
Keçid et
Azyaşlıya qarşı əxlaqsızlıq edən hacı Salmanın videosu yayıldı