Modern.az

Putin və Əliyev Zəngəzur dəhlizi ətrafında razılaşa bilərlər

Putin və Əliyev Zəngəzur dəhlizi ətrafında razılaşa bilərlər

Analitika

3 İyul 2024, 11:44

İyulun 3-4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçiriləcək. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edəcək. Astanada keçiriləcək görüşdə İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə görüşü gözlənilir.

Maraqlıdır, iki lider Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklərmi? Bu istiqamətdə hansısa yenilik gözlənilirmi?
 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Prezident İlham Əliyevlə Rusiya lideri Vladimir Putin arasındakı görüşdə yalnız Zəngəzur dəhlizi müzakirə olunmayacaq:
 

“Görüşdə bir çox məsələlər müzakirə olunacaq. Azərbaycan hələ ki Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Amma bu təşkilatın fəaliyyətinə Azərbyacan diqqət yetirir. Burada daha çox iqtisadi məsələlər önəm daşıyır. Ona görə ki, təşkilatın o qədər də siyasi fəaliyyəti yoxdur. Burada ölkələri hansısa iqtisadi maraqların üst-üstə düşməsi birləşdirir. Əminəm ki, Azərbayacan bu istiqamətdə də öz maraqlarını və imkanlarını daha dərindən müəyyənləşdirəcək. Bundan sonra hansısa qərarların verilməsi istisna olunmur. Azərbaycanı maraqlandıran əsasən iqtisadi məsələlərdir. Ümumiyyətlə, təşkilat üzvlərinin maraqları Qərb-Rusiya qarşıdurmasının tərəfi olmamaqdır. Bu ölkələrin iqtisadi məsələlərdə neytral mövqe saxlamaları üçün ŞƏT yaxşı platformadır. Yaddan çıxarmamalıyıq ki, Azərbaycanın xarici siyasətində prioritet olan məsələlərdən biri Türk Dövlətləri Təşkilatıdır (TDT). Türk Dövlətləri Təşkilatı da bu bölgə ilə bağlıdır. Mərkəzi Asiya, Çinin fəallaşmasını görürük. Bu da bizim üçün ən maraqlı məsələlərdən biridir. Ona görə də bu istiqamətdə fəal olmalıyıq".

Sabiq nazir vurğulayıb ki, Zəngəzur dəhlizi məsələsində yeni imkanlar nəzərdən keçiriləcək:


"Uzun müddət ermənilər tərəfindən belə bir fikir formalaşdırılıb ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Rusiyadan başqa heç kimə sərf etmir. Guya ki, Zəngəzur dəhlizi açılmasa, Rusiyanın böyük miqdarda problemi olacaq. İndi isə məlum olur ki, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan əsas tərəf Qərbdir. ABŞ administrasiyası buna xüsusi əhəmiyyət verir. Çünki onların Mərkəzi Asiyadakı siyasi və iqtisadi maraqları bu dəhlizin fəaliyyətindən asılıdır. Bu asılılıq daha da artacaq. Zəngəzur dəhlizi indi bəlkə də yeni elementlər çərçivəsində müzakirə olunur. Yəni Qərbin açıq şəkildə Zəngəzur dəhlizi layihəsinə dəstək verməsi fonunda təzə mərhələ başlaya bilər. Prezident İlham Əliyevlə Putin arasındakı görüşdə Zəngəzur dəhlizinin müzakirəsi təbii olardı. Çünki həm Rusiya, həm Qərb, həm də Azərbaycan bu məsələdə maraq göstərir. Zəngəzur dəhlizinin açılması məsələsinə qarşı çıxan tərəflər Ermənistan və qismən də İrandır. Görüş zamanı bu istiqamətdə hansısa yeni imkanların nəzərdən keçirilməsi istisna olunmur".
 

Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli deyib ki, Prezident İlham Əliyevlə Rusiya lideri Putinin görüşü  zamanı Zəngəzur dəhlizi və ya başqa məsələlərdə razılıq əldə oluna bilər:
 

"Mənim fikrimcə, Zəngəzur dəhlizi məsələsi həll edilib. Sadəcə, açılmasına zaman tələb olunur. Çünki böyük dövlətlərin hamısı Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. İranın isə bu dəhlizin açılmasını istəməməyinin bizim üçün xüsusi əhəmiyyəti yoxdur. Rusiya və Azərbaycan liderlərinin mütəmadi görüşləri həmişə problemlərin həllinə xidmət edir. Ona görə də Zəngəzur dəhlizi və digər məsələlərlə bağlı hansısa razılığa gəlinə, ya da fikir mübadiləsi aparıla bilər".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”