
Nəqliyyat Nazirliyi sabahdan etibarən lisenziyasız taksiləri Bakı şəhərindən yığışdırmağa başlayacaq. Nazirlik bəyan edib ki, bundan sonra, yalnız fərqlənmə nişanı ilə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. Yəni taksi fəaliyyəti üçün həm də lisenziya tələb olunur. Nazirliyin tələbinə görə, lisenziya alandan sonra, aylıq vergi ödəyicisi kimi fərqlənmə nişanı olan mşınlar taksi fəaliyyəti göstərə bilər. Ona görə də, kimin rəsmi icazəsi yoxdursa, həmin taksilər tam yığışdırılacaq.
Nazirliyin tələbinə görə, taksi kimi fəaliyyət göstərmək istəyənlər əvvəlcə 150 manat ödəyib 5 il müddətinə lisenziya almalıdırlar. Amma lisenziya da hər yoldan ötən maşın sahibinə verilmir...
Hazırda Bakı şəhərində taksi fəaliyyəti göstərən şəxsi minik avtomobillərinin sürücüləri Modern.az-ın əməkdaşı ilə söhbət zamanı Nəqliyyat Nazirliyinə etiraz etdiklərini vurğulayıblar. Taksi sürücülərinin bir qismi isə nazirliyin tələbinə “ikiəlli razıyıq” deyiblər, amma bir şərtlə ki, lisenziyanın qiyməti rəsmi qurumun bəyan etdiyi kimi 150 manat olsun.
Taksi sürücüsü Çaylar İsmayılov deyir ki, nazirlik bu tələbdə haqlı olsa da, onlardan rəsmən elan olunduğu kimi 150 manat istənilmir.
“ Mən özüm hələki lisenziya almamışam. Amma yaxın tanışlarımdan alan olub. Həmin tanışımdan 1200 manat pul alıblar. Halbuki, televiziyada car çəkirlər ki, lisenziyanın qiyməti 150 manatdır. Amma nazirliyə gedəndə adama elə qiymət oxuyurlar ki… Sonra da deyirlər “istəyirsən al, istəmirsən xoş getdin!””.
Sürücü deyir ki, fərqlənmə nişanının dövlət rüsumu aşağı olsa da, buna görə hər ay 50 manat pul verir.
Digər taksi sürücüsü Seyid Verdiyev Nəqliyyat Nazirliyinin “VAZ” markalı avtomobillərə taksi kimi işləməyə icazə verilməyəcəyini bəyan etməsini düzgün saymır.
“Bəs biz nə etməliyik? Kimin imkanı var ki, 35-40 min manat verib bahalı xarici maşın alsın. O qədər pulum olsa, niyə taksi işlədirəm?”.
Nəqliyyat Nazirliyi bəyan edib ki, Bakıda taksi kimi fəaliyyəti göstərmək istəyən maşınların hamısının buraxılış ili 2007-ci ildən bəri olmalıdır. Nazirlik tərəfindın onlara sayğac quraşdırılacaq, həmçinin yeni fərqlənmə nişanlaı veriləcək.
Anar Kəlbiyev