Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Koreya Respublikası Milli Assambleyasının Sədri Pak Hi Tenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Milli Məclisin mətbuat xidməti xəbər verir ki, parlamentin sədri bildirib ki, bu cür görüşlər ikitərəfli münasibətlərin, parlamentlərarası əlaqələrin inkişafına xidmət edir: “Azərbaycan Koreya ilə siyasi, iqtisadi, mədəni əməkdaşlığın inkişaf etdirilməsinə böyük önəm verir. Ölkələrimiz arasında etibarlı tərəfdaşlıq münasibətlərinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır.
Bu günədək ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 44 sənəd imzalanıb. Azərbaycanda çox geniş sərmayə mühiti mövcuddur. Cənubi Koreyanın “Hunday”, “Samsunq”, “LG” kimi şirkətləri ölkəmizdə təqdirəlayiq fəaliyyət göstərirlər. Bu sahədə əməkdaşlığın daha da dərinləşməsində biznes-forumların keçirilməsi əhəmiyyətli rol oynayır”.
Spiker qeyd edib ki, əgər 2010-cu ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 375 milyon ABŞ dolları təşkil edibsə, ötən ilin 9 ayı ərzində bu rəqəm 600 milyonu keçib.
Azərbaycanın iqtisadi potensialı gələcəkdə əməkdaşlığımızı daha da dərinləşdirməyə imkan verir. Heç də təsadüfi deyil ki, Cənubi Qafqazda ümumi daxili məhsulun 75 faizə qədəri Azərbaycanın payına düşür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyi sisteminə də mühüm töhfələr verir.
Biz dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu yüksək qiymətləndirir və Koreya ilə bu sahədə əməkdaşlığı dərinləşdirmək niyyətindəyik. Milli Məclisdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Deputatların qarşılıqlı səfərlərini təcrübə və informasiya mübadiləsi baxımından önəmli hesab edirik”.
Spiker bildirib ki, bu gün sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var: “Biz münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq. Ancaq BMT, AŞ PA, Avropa Parlamenti kimi nüfuzlu qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasəti yeritməkdə davam edir. İnanırıq ki, beynəlxalq birliyin, o cümlədən Cənubi Koreyanın dəstəyi ilə münaqişə tezliklə öz ədalətli həllini tapacaq. Biz Koreyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndiririk”.
Koreya Milli Assambleyasının sədri Pak Hi Ten Azərbaycana səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib: “Azərbaycanın sürətli inkişafı bizi sevindirir. Cənubi Qafqazın bu ölkəsi ilə əməkdaşlığa Koreya tərəfi böyük önəm verir. Azərbaycanla həyatın müxtəlif sahələrində, o cümlədən təhsil, turizm istiqamətlərində də əlaqələrin dərinləşməsi hər iki tərəfin xeyrinə olardı”.
O, münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi üçün məqsədyönümlü addımlar atılmasını təqdirəlayiq hesab edib: “Ölkələrimiz arasında bu il diplomatik münasibətlərin 20 illiyi qeyd olunacaq”.
Görüşdə Milli Məclis sədrinin müavini Bahar Muradova, Cənubi Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın Cənubi Koreyada səfiri Rövşən Cəmşidov və digər rəsmi şəxslər iştirak ediblər.
Modern.az