Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 2011-ci ildə Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsinə beşmərtəbəli 10 yaşayış binasının və rayonun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik beşmərtəbəli 9 yaşayış binasının, Heydər Əliyev Mərkəzinə yaxın yataqxanada çox acınacaqlı vəziyyətdə məskunlaşmış məcburi köçkünlərə Sabunçu rayonunun Ramana qəsəbəsində 80 mənzilli binanın tikintisi başa çatdırılıb, həmçinin Bakı şəhəri ərazisində dövlət ehtiyacları ilə əlaqədar 406 məcburi köçkün ailəsinə Maliyyə Nazirliyinin xətti ilə hazır mənzillər alınmaqla köçürülməsi təmin edilib.
“Naftalan şəhərinin sosial inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamınızın icrası ilə əlaqədar Naftalan şəhərindəki bütün məcburi köçkün ailələrinin Goranboy rayonu ərazisində salınmış beşmərtəbəli 12 yaşayış binasından ibarət yeni məhəllədəki 690 mənzilə köçürülməsi tamamilə başa çatdırılıb.
“Ötən il, eyni zamanda, investisiya vəsaiti hesabına Füzuli rayonunun Haramı ərazisində 80 evin bərpası, Qazax rayonunda konserv zavodu ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlər üçün 24 evin, həmçinin Axıska türklərinə məxsus tikintisi yarımçıq qalmış 52 evin inşası başa çatdırılmışdır. İndiyədək Axıska türklərinə məxsus 324 evin inşası başa çatdırılmış və bundan sonra da bu layihə davam etdiriləcəkdir.
Beləliklə, il ərzində 2120 ailənin – 10 600 nəfər məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılmışdır”.
Ə.Həsənov deyib ki, Komitəyə 2011-ci ildə 46 min müraciət daxil olub, onun 72 faizi müsbət həll edilib.
Məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ərazilərdə onların elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı aidiyyəti xidmət təşkilatları ilə sıx əməkdaşlıq nəticəsində yerinə yetirilir və ortaya çıxan bütün problemlər operativ şəkildə həll olunur.
2011-ci ildə bir nəfər məcburi köçkünə xərclənən vəsaitin həcmi təxminən 715 manat (894 ABŞ dolları) təşkil edib ki, bu da dünyanın digər münaqişə zonaları ilə müqayisədə ən yüksək göstəricidir.
Ə.Həsənovun sözlərinə görə, hazırda ölkədə 45 beynəlxalq, 41 yerli humanitar təşkilatın xətti ilə hökumət üçün prioritet hesab olunan müxtəlif humanitar və inkişaf layihələri həyata keçirilir.
Komitə sədri deyib ki, mövcud Dövlət Proqramına əsasən bu il 2011-ci ilə nisbətən 2 dəfə çox ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılacaq. O, Prezidentin tapşırığıyla 2012-ci il üçün yeni proqram hazırlandığını və yaxın vaxtlarda Baş nazirin yanında müzakirə olunacağını vurğulayıb.
Modern.az