Yanvarın 18-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ dövlət katibi köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubini qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələr üzrə inkişaf etdiyini bildirən müdafiə naziri ikitərəfli hərbi əməkdaşlıq sahəsində də uğurların olduğunu qeyd edib.
Bölgədə mövcud hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini və bunun nəticəsində bir milyon qaçqının bu günə qədər yurd-yuvasına dönə bilməməsini qonağın diqqətinə çatdırıb. Nazirin fikrincə, sülh prosesinin yubanması və onun qəsdən uzadılması regionda müharibənin alovlanmasına əlverişli şərait yaradır. Ona görə də vəziyyətin gərgin həddə çatmaması üçün Minsk Qrupu fəaliyyətini gücləndirməlidir.
Bölgədəki vəziyyətə münasibətini bildirən amerikalı qonaq bu il problemin aradan qaldırılmasına diqqəti artıracaqlarını bildirib və qeyd edib ki, regionda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ABŞ-ın maraqları çərçivəsindədir. Söhbət zamanı qonaq Azərbaycan torpaqlarının işğal faktının ABŞ tərəfindən tanındığını bir daha təsdiqləyib.
****
Müdafiə naziri general-polkovnik Səfər Əbiyev Çexiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Radek Matulanı qəbul edib.
Görüş zamanı ölkələrarası hərbi əməkdaşlıq məsələlərinin perspektivləri müzakirə olunub və səfir ölkəsinin Azərbaycan Respublikasına yeni təyin olunmuş hərbi attaşesini nazir S.Əbiyevə təqdim edib.
Görüşdə R.Matula ölkəsinin müdafiə nazirinin Çexiya Respublikasına rəsmi səfərə dəvət edilməsi ilə bağlı məktubunu Azərbaycanın müdafiə naziri S.Əbiyevə çatdırıb.
Modern.az