Bakı Avrasiya Universitetinində (BAAU) 20 Yanvar faciəsininin 22-ci ildönümü ilə əlaqədar toplantı və anım mərasimi keçirilib. Tədbir iştirakçıları universitetin foyesində 20 Yanvar hadisələri zamanı Azərbaycanın azadlığı uğrunda həlak olmuş şəhidlərin xatirəsinə həsr olunmuş guşəyə baxıblar.
Universitetin professor-müəllim heyətinin, çoxsaylı qonaqların iştirakı ilə keçən toplantıda əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, qanlı faciəni əks etdirən foto və slaydlar nümayiş etdirilib.
BAAU-nun prorektoru professor Nazim Cəfərli tədbiri açaraq 20 Yanvar hadisələrinin xalqımızın tarixinin həm faciəli bir səhifəsi, həm də qəhrəmanlıq salnaməsi olduğunu vurğulayıb, bu hadisələrin milli istiqlaliyyətimizin qazanılmasında böyük təsirini qeyd edib. Bildirib ki, 20 Yanvar hadisələri zamanı tarix boyu sərt sınaqlara mərdliklə sinə gərmək əzmini bir daha subut etmiş Azrərbaycan xalqı yanvarın 19- dan 20-nə keçən gecə görünməmiş vəhşiliklə üzləşsə də, yüzlərlə fədakar oğul və qızını itirsə də, sarsılmadı, azadlığı uğrunda mübarizəni zəfərlə başa vurdu.
Tədbirdə 20 yanvar hadisələrinin canlı şahidləri universitetin professoru Firuz Mustafa, müəllimlər İlyas Adıgözəlli, Aqil Şahmuradov, Fərhad Zeynalov, Azərbaycan milli qəhrəmanı Ülvi Bünyadzadənin müəllimi Rəfiqə Məmmədova, siyasi icmalçı Yasin Qaraməmmədli 20 Yanvar hadisələrinin tarixi ibrət dərsləri haqqında danışıb, belə tədbirlərin gənclərimizin vətənpərlərik ruhunda tərbiyə olunmasında böyük rolu olduğunu bildiriblər.
Universitetin müəllim və tələbələri tədbirdən sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.
Modern.az