Türkiyə Böyük Millət Məclisinin (TBMM) Azərbaycanla Dostluq Qrupunun üzvləri bu gün Azərbaycana səfərin yekunları barədə mətbuat konfransı keçiriblər.
Türkiyə səfirliyində keçirilən mətbuat konfransında bu ölkənin Azərbaycandakı səfiri Hülusi Kılıc bildirib ki, nümayəndə heyəti iki gün ərzində müxtəlif görüşlər keçirib və müzakirələr aparıb. Nümayəndə heyətinin buradakı təmaslarından məmnun qaldığını deyən səfir daha sonra sözü millət vəkillərinə verib.
Dostluq qrupunun rəhbəri, AKP-dən olan millət vəkili Nejdət Ünüvar Türkiyənin hər bir məsələdə Azərbaycana arxa olduğunu deyərək, 20 ildir Ermənistanla sərhədləri bağlı saxladıqlarını xüsusi vurğulayıb: “Buna qarşı bütün basqılara baxmayaraq, qərarımız dəyişməz olaraq qalır. Çünki Azərbaycanla qardaşlıq bağlarımız var”.
N.Ünüvar qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ən son örnəyi Vanda baş verən zəlzələ zamanı göstərilən yardımdır: “Bu zəlzələ zamanı ilk yardımımıza çatan azərbaycanlı qardaşlarımız oldu”. (müsavat.com)
Bundan əvvəl Azərbaycanda 2003-cü ildə gəldiyini deyən N.Ünüvar ötən müddət ərzində Bakının çox dəyişdiyini, inkişaf etdiyini deyib: “Bu inkişafla Azərbaycanın demokratik toplumlar sırasında yer alacağına tam inanırıq. Türkiyə və Azərbaycanın inkişafı bütün türk dünyasının inkişafıdır”.
Dostluq qrupunun rəhbəri Fransa parlamentində qəbul edilən məlum qərara qarşı Azərbaycandan gələn etirazlara görə təşəkkürlərini bildirib: “Azərbaycan hökumətindən, Milli Məclisindən, xalqından, müxalifətindən gələn etirazlara və göstərilən təpkiyə görə minnətdarıq. Başda prezident İlham Əliyev olmaqla, Bakıda keçirdiyimiz bütün görüşlərdə Azərbaycanın Türkiyənin yanında olduğunu gördük. Bu Türkiyə ilə yanaşı Azərbaycanın da, bütünlükdə türk dünyasının, eyni zamanda insanlığın problemidir. Ümid edirəm Fransa Senatı bu qərarı təsdiqləməz, əgər təsdiqləyərsə bu insanlıq üçün ləkə olacaq və bu, Fransanın tarixinə qara hərflərlə yazılacaq. Artıq Fransa Senatının Konstitusiya komissiyası bu qərarın konstitusiyaya zidd olduğunu da açıqlayıb”.
Millət vəkili Bakıya səfərləri çərçivəsində bu məsələnin Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, media nümayəndələri ilə müzakirə olunduğunu söyləyib: “Görüşlərdən sonra bəzi addımlar oldu. Fransada Azərbaycan və Türkiyə diasporları birgə fəaliyyətə başladı. Parisdəki səfirliklərimiz bu məsələdə birgə çalışacaq. Milli Məclisin Beynəlxalq əlaqələr komitəsi Fransa Senatına etiraz məktubu yazıb, xarici işlər nazirinin müavini Xələf Xələfov Fransanın Bakıdakı səfiri Qabriel Kelleri nazirliyə çağıraraq etirazını çatdırıb”.
N. Ünüvar həmçinin bildirib ki, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən kənarlaşdırılması həm Azərbaycan, həm bölgə, həm də Ermənistanın özü üçün də faydalı olar: “Mən sözümü Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, sözləri ilə bitirirəm”.
Dostluq Qrupunun üzvləri - CHP-dən olan millət vəkili Əli Özgündüz, AKP-dən olan Şuay Alpay və MHP-ni təmsil edən deputat Sinan Oğan Azərbaycan xalqının Fransa Senatının qərarına münasibətindən qürur duyduqlarını diqqətə çatdırıblar. Sinan Oğan səfərlərinin 20 yanvar faciəsinin 22-ci ildönümü ərəfəsinə təsadüf etdiyini və şəhidlərə rəhmət dilədiklərini söyləyib: “26 fevralda isə Xocalı soyqırımının ildönümü olacaq. Fransa Senatı isə olmayan “erməni soyqırımı”na dair qərar verir, bu tarix üçün ləkədir. Mən də Türkiyə Böyük Millət Məclisinin üzvü kimi, Xocalı soyqırımının bütün dünyada tanıdılması istiqamətində çalışacam”.
O, həmçinin Türkiyə ilə bağlı məsələdə Azərbaycan mediasının fəaliyyətinə də toxundu və mətbuata təşəkkürlərini bildirib.
Daha sonra nümayəndə heyəti jurnalistlərin suallarını cavablandırıblar. N.Ünüvar “Yeni Şafak” qəzetində Fransa Senatının qəbul etdiyi qərara Azərbaycandan yetərli dəstək verilməməsi barədə yazılanlara dair suala cavabında bu qəzetin Türkiyə hökumətinin mövqeyini ifadə etmədiyini deyib: “Bu qəzet hökuməti ifadə etmir. “Yeni Şafak” bəzən Türkiyə hökumətini də tənqid edir”.
Modern.az