Yanvarın 29-da Bakı şəhərindəki orta məktəblərin 9-cu sinif şagirdləri mərkəzləşdirilmiş qaydada test üsulu ilə yoxlama (sınaq) imtahanı veriblər.
Modern.az Təhsil Nazirliyinin Qiymətləndirmə və monitorinq şöbəsinə istinadən bildirir ki, 9-cu sinif şagirdləri Azərbaycan dili və riyaziyyatdan sınaq imtahanları veriblər. İmtahanlarda 30 minə yaxın şagird iştirak edib.
Şagirdlər 2 fəndən 50 test tapşırığını cavablandırıblar. İmmtahan suallarının 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanıb.
Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird «2», 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird «3», 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird «4» və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə «5»lə qiymətləndiriləcək.
2012-ci ilin ilk sınaq imtahanları 28-29 yanvar tarixində Bakı məktəblərindən başlayıb. Daha sonra proses ardıcıl olaraq bütün bölgələri əhatə edəcək və 15 aprel tarixində yekunlaşacaq.
Təhsil nazirinin əmrinə əsasən, ötən dərs illərində buraxılış imtahanlarından qeyri-kafi qiymət alan, müəyyən səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini bitirməyən və eksternat qaydasında imtahan vermək üçün müraciət edən şəxslər də bu ilki mərkəzləşdirilmiş qaydada aparılacaq sınaq imtahanlarında iştirak edə biləcəklər.
Nazirlikdən bildirilib ki, sınaq imtahanının nəticələri keçirildiyi tarixdə jurnala yazılacaq və şagirdlərin fənlər üzrə ikinci yarımillik qiymətləri yoxlama imtahan nəticələri nəzərə alınmaqla çıxarılacaq.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, attestata yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, X və XI siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq. Şəhadətnaməyə yazılacaq yekun qiymət şagirdin fənn üzrə yoxlama imtahanının nəticələri, VIII və IX siniflərin illik qiymətləri və buraxılış imtahanı qiymətləri əsasında hesablanacaq.
Modern.az