Ekspert: “İpoteka proqramını genişləndirmək lazımdır”

Azərbaycanda, xüsusilə Bakıda yeni mənzil almaq böyük müşküldür. Burada əsas problem nə yeni tikinti işlərinin həcmi, nə də əhalinin alıcılıq qabiliyyəti ilə bağlıdır. Real alıcı kütləsi də kifayət qədərdir. Normal gəlirli və əlində pulu olan kifayət qədər insan var ki, fürsət gözləyir. Ancaq satış şərtləri elədir ki, hər adam bu şərtləri qəbul edə bilmir.
Dünyanın hər yerində mənzillərin əldə edilməsi üçün ən sərfəli yol uzunmüddətli ödəmədir. Hazırda mənzillərin haqqını iki şəkildə ödəmək olur. Kommersiya bankları və birbaşa tikinti şirkətlərinin kreditləri hesabına. Bankların ayırdığı illik faiz dərəcələri 20 rəqəminin ətrafında dəyişir. Bu şərtlə vətəndaş 20 il müddətinə 50 min manat kredit götürüb ev alsa, hər ay təxminən 1000 manat pul ödəməlidir. İndiki halda adi vətəndaşın bu vəsaiti ödəmək imkanları yoxdur. Mənzil tikib satan şirkətlərsə kreditləri daha uzunmuddətli verir və aylıq ödəniş isə minimum 390 manatdır. Amma bu ödəniş yalnız birotaqlı mənzillərə aiddir. Bununla belə əgər şirkətin şərtləri ilə 35 kvadratmetrili mənzilin pulunu 20 ilə ödəməli olsaq, ev sonda 93 min 600 manata başa gələcək. Halbuki mənzilin bazarda satış qiyməti 35 min manatdan yüksək deyil. Deməli, bu şərtdə sərfəli sayıla bilməz. Ona görə də vətəndaşlar bu şərtlərlə mənzil almağa maraq göstərmirlər.
Mövcud vəziyyəti Modern.az-a şərh edən Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Ramil Osmanlı da hesab edir ki, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda ipoteka kreditləri çox ağır şərlərlə verilir. Ona görə də bizdə gənclər ev almağa çətinlik çəkir. Dünya təcrübəsində belə ağır şərtlərlə ipoteka krediti olmadığı halda Azərbaycanda bu təcrübənin uyğunlaşdırılmış variantı həyata keçirilir:
“Düzü bizdə dövlətin həyata keçirdiyi ipoteka brendləşməsinin şərtləri dünya təcrübəsi ilə müqayisədə daha ağırdır. Həm də özəl tikinti şirkətlərinin bu cür ipoteka şərtləri ilə ev verməsi ipotekanın bir variantıdır. Bu gün Azərbaycanda qanunvericiliklə özəl şirkətlərin satış şərtlərinə daxil ola bilmədiyinə görə, bu bazara hər hansı formada müdaxilə olunmur. Bu səbəbdən də bəzi şirkətlər uzunmüddətli və çox ağır şərtlər altında vətəndaşlara mənzil satırlar”.
Hətta MDB məkanında belə ağır ipoteka şərtlərinin olmadığını deyən icraçı direktor onu da bildirdi ki, bütün ölkələrdə özəl şirkətlərin uzunmüddətli kreditləri olsa da, həmin şirkətlər bu kreditləri bütün tələblərə uyğun şəkildə verirlər:
“Seçki ərəfəsində Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bəyanat vermişdi ki, on il ərzində gənclərin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət tərəfindən mənzillərin tikintisi üçün 10 milyard manat vəsait ayrılarsa bu mənzil bazarındakı vəziyyəti tamam dəyişdirəcək. Təəssüf ki bu bir bəyanat şəklində qaldı. Belə bir şey baş vermədi”.
Mövcud ipoteka şərtlərinə müəyyən dəyişikliklər edilməsinə ehtiyac olduğunu deyən R. Osmanlıının fikrincə, bu baş verməsə problem həllini tapmayacaq. O, bunun üçün ipoteka şərtlərində ilkin ödəniş şərtlərinin yığışdırılmasını, ipotekanın faiz dərəcələrinin aşağı salınmasını və ipoteka məbləğinin artırılmasını və əməkhaqqı ilə bağlı tələblərin minimuma endirilməsini təklif edir. Onun sözlərinə görə, yalnız belə olan halda gənclərin mənzillə təmin edilməsi məsələsi həll oluna bilər.
İqtisadçı ekspert Vüsal Qasımlı isə deyir ki, Azərbaycanda ipoteka şərtləri MDB məkanı ilə müqayisədə daha əlverişlidir. Onun sözlərinə görə, ipotekaya əlçatarlığın artırılması üçün təkmilləşmələr aparılır.
Buna baxmayaraq həm dövlət büdcəsi, həm də digər mənbələr hesabına ipoteka kreditləri portfelini artırmağa ehtiyac olduğunu söyləyən ekspertin sözlərinə görə, ipoteka krediti üçün tələb olunan girov şərtlərini yumşaltmaq üçün “mənzil sertifikatı” mexanizmi tətbiq edilə bilər:
“Belə ki, tikinti şirkətləri buraxdığı mənzil sertifikatı satışından alınan vəsait hesabına tikintini maliyyələşdirir. Sertifikat isə öz sahiblərinə tikilən binaların onların mülkiyyətinə verilməsi hüququnu təsbit edir. Əgər mənzil sertifikatları buraxılsa, bu yolla ipoteka kreditləşməsində girov mexanizmi sadələşəcək. İlkin ödəniş üçün kifayət qədər yığımı olmayan və ipoteka krediti götürmək istəyən şəxslərin vəziyyətini yüngülləşdirmək üçün isə yaşayış-tikinti əmanətlərinin tətbiqi vacibdir. Bu halda əvvəlcə borcalan bankdakı hesabına aybaay depozit qoyur, müəyyən məbləğ yığıldıqdan sonra isə bank həmin müştəriyə ev almaq üçün kredit verir. Bu yolla əhalinin yığımı səmərəli surətdə investisiyaya çevrilir”.
Orta sinif üçün ipoteka kreditinin alınması, ipotekanın rəsmiləşdirilməsi zamanı və sonra tələb olunan, habelə borc alan fərdi sahibkar və ya güzəştli kateqoriyaya aid olduqda əlavə təqdim olunmalı sənədlərin sayını azaltmaq lazım olduğunu deyən iqtisadçı bu sənədlərin sayının azalması ilə ipoteka proseduralarının sadələşməsi və insan amilinin minimuma enməsinə gətirib çıxara biləcəyini deyir:
“İpoteka kreditlərinin rəsmiləşdirilməsi üçün rüsumlar, sığorta və ipoteka predmetinin qiymətləndirilməsi xərcləri, habelə ipoteka kreditləri üçün tələb olunan sənədləri toplamaq üçün maliyyə vəsaitinin də azaldılması lazımdır. İpoteka kreditlərinin verilməsində şəffaflığı artırmaq üçün ipoteka üçün müraciət edən şəxslərin siyahısı ardıcıllıqla internetdə yerləşdirilməlidir. Eyni zamanda ipotekanın təkcə hazır mənzillərə deyil, yarımçıq tikiliyə və yeni tikinti üçün verilməsi də məqbul olardı”.
Bu gün gənclərə dövlət dəstəyi ilə mənzillərin verildiyini deyən Vüsal Qasımlı onu da bildirdi ki, müharibə veteranları, məcburi köçkünlər üçün tikilən mənzillərin xeyli hissəsi gənclərə verilir, eləcə də Kür-Araz daşqınlarından sonra Prezidentin göstərişi ilə yüzlərlə gənc ailə mənzillə təmin edildi. Amma gənclərin mənzillə təminatında çağırışlar qalır. Odur ki, ipoteka proqramını genişləndirmək lazımdır.
Gültəkin Ələsgər