Modern.az

Azərbaycanda Milli Data İqtisadiyyatı Konsepsiyası hazırlanmalıdır 

Azərbaycanda Milli Data İqtisadiyyatı Konsepsiyası hazırlanmalıdır 

Parlament

Bu gün, 16:35

Biznesdə süni intellektin tətbiqi üçün ayrıca dövlət proqramı hazırlanmalıdır

Rəqəmsal iqtisadiyyatın ÜDM-də payı ayrıca hesablanmalıdır

Dövlət satınalmalarında startaplara üstünlük verilməlidir

Rəqəmsal iqtisadiyyatın inkişafı üçün qanunvericilik və strateji sənədlərlə yanaşı, yeni iqtisadi mexanizmlərin də formalaşdırılması vacibdir. Deputatlar hesab edirlər ki, növbəti mərhələdə əsas diqqət rəqəmsal texnologiyaların real iqtisadi nəticələrinə və özəl sektorda tətbiqinə yönəldilməlidir.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının rəhbərliyi ilə keçirilən "Rəqəmsal inkişaf, süni intellekt və uşaqların sosial şəbəkə platformalarındakı zərərli təsirlərdən qorunması" mövzusunda ictimai müzakirədə deputat Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, dövlət proqramında qarşıya qoyulan hədəflər kifayət qədər iddialıdır və onların reallaşması ölkənin rəqəmsal inkişafında ciddi irəliləyiş yaradacaq.

Deputat ilk növbədə Azərbaycanda rəqəmsal iqtisadiyyatın ölçülməsi metodologiyasının hazırlanmasını təklif edib.

"Biz İKT sektorunun ÜDM-də payını bilirik, amma rəqəmsal iqtisadiyyatın payını bilmirik. Bu, təkcə Azərbaycana məxsus problem deyil. OECD də hazırda bu metodologiya üzərində işləyir. Hesab edirəm ki, Dövlət Statistika Komitəsində Rəqəmsal İqtisadiyyat Alt Hesabı yaradılmalıdır".

T. Mirkişili bildirib ki, belə bir mexanizm yaradılarsa, ilk dəfə olaraq rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsuldakı payını, hansı sahələrin daha sürətlə rəqəmsallaşdığını və süni intellektin iqtisadiyyata gətirdiyi əlavə dəyəri dəqiq müəyyən etmək mümkün olacaq.

Deputatın fikrincə, dövlət sektorunda süni intellektin tətbiqi ilə bağlı mühüm işlər görülsə də, əsas iqtisadi yükü daşıyan özəl sektor diqqətdən kənarda qalmamalıdır.

"Ümumi daxili məhsulun formalaşmasında özəl sektorun payı təxminən 83 faizə yaxındır. Buna görə də özəl sektorda süni intellekt və yüksək texnologiyaların tətbiqinə yönəlmiş ayrıca dəstək proqramlarının hazırlanmasına ehtiyac var".

Tahir Mirkişili dövlət satınalmaları sistemində də yeni yanaşmanın tətbiqini vacib sayıb. O bildirib ki, hazırkı model daha çox ən aşağı qiymət prinsipinə əsaslanır, halbuki innovasiyaların inkişafı üçün dövlət ilk sifarişçi rolunu oynamalıdır.

"Dünyada 'Dövlət ilk müştəridir' prinsipi var. Dövlət startapın məhsulunu ilk dəfə alır və bununla onun bazara çıxmasına imkan yaradır. Türkiyədə Baykar şirkətinin inkişafında da dövlətin ilk sifarişçi olması mühüm rol oynayıb".

Deputat çıxışında məlumatların (data) iqtisadi resurs kimi qiymətləndirilməsini də təklif edib.

Onun sözlərinə görə, hazırda proqramlarda data idarəçiliyi ilə bağlı məsələlər əks olunsa da, data iqtisadiyyatı ayrıca istiqamət kimi formalaşdırılmalıdır.

"Data idarəçiliyi ilə data iqtisadiyyatı tamamilə fərqli anlayışlardır. Datanın paylaşılması, lisenziyalaşdırılması, data bazarı və data mübadiləsinin tənzimlənməsi üçün ayrıca Milli Data İqtisadiyyatı Konsepsiyası hazırlanmalıdır".

T. Mirkişili hesab edir ki, bu addımlar rəqəmsal iqtisadiyyatın daha sürətli inkişafına, innovasiya mühitinin genişlənməsinə və Azərbaycanın regionun aparıcı rəqəmsal iqtisadiyyatlarından birinə çevrilməsinə töhfə verəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...