Uşaqlara qayğı Heydər Əliyev Fondunun fəaliyyətinin prioritetlərindəndir. Xüsusilə də Fond sağlamlığı məhdud, valideyn qayğısından məhrum olan balacaları daim diqqətdə saxlayır. Fondun təşəbbüsü ilə Bakının Nərimanov rayonunda yaradılan Uşaq Psixonevroloji Mərkəzindəki balacalar da hər cür qayğı ilə əhatə ediliblər.
Yeni il ərəfəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzə gələrək uşaqlarla görüşüb.
Balacaların şəraiti ilə maraqlanan Leyla Əliyeva Mərkəzdə yaşayan və müalicə olunan, xüsusi təhsilə yiyələnən uşaqların Yeni il bayramı üçün hazırladıqları səhnəciklərə tamaşa edib. Bayram əhval-ruhiyyəsində olan balacalar bir-birindən maraqlı mahnılar, şux rəqslər təqdim ediblər. Şaxta baba və Qar qızın gəlişindən sonra bayram proqramı daha da maraqlı olub. Uşaqlar onları təbrik edən Şaxta baba və Qar qızla yolka ətrafında dövrə vurub rəqs ediblər.
Heydər Əliyev Fondunun bayram hədiyyələri isə balacaların sevincini daha da artırıb.
Sonra Leyla Əliyeva Mərkəzdə yaradılmış şəraitlə maraqlanıb. Məlumat verilib kİ, 100 çarpayılıq Mərkəzdə uşaqların yaşayışı, müalicəsi, xüsusi təhsilə yiyələnmələri üçün hər cür şərait yaradılıb. Mərkəzdə psixoloq, okulist, psixonevroloq, kiçik manupulyasiya, nevropotoloq-loqoped, pediatr, lor, ultrasəs müayinəsi, fizioterapiya otaqları var. Burada autizm, uşaq serebral iflici və formaları, əqli gerilik və ləngimələr, onun təzahürlərindən əziyyət çəkən uşaqlar müalicə olunurlar. Mərkəzdə bu sahədə dünyada tətbiq olunan müasir proqramlardan istifadə edilir. Bunun üçün burada bütün lazımi avadanlıq var. Uşaqların müalicəsi, təlim-tərbiyəsi ilə tibbi, pedaqoji və texniki heyət məşğul olur.
Leyla Əliyeva balacalarla söhbət etdi, onların istək və arzuları ilə maraqlanıb.
Dekabrın 24-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Nizami rayonundakı 1 nömrəli uşaq evində də olub. Uşaq evinin sakinlərindən ibarət vokal qrupu və “Azəri” rəqs ansamblı Leyla xanım Əliyevanı maraqlı çıxışları ilə qarşılayıblar. Şən klounlar uşaqların bayram əhval-ruhiyyəsini daha da artırıblar.
Heydər Əliyev Fondunun vitse-prezidenti uşaqlara hədiyyələr təqdim edib.
Heydər Əliyev Fondu fəaliyyətə başladığı 2004-cü ildən bu uşaq evinə hərtərəfli dəstək göstərir. 2005-ci ildə bu uşaq evi Fondun təşəbbüsü ilə yenidən qurulub.
Qonaqlar kiçik yaşda olan uşaqların qrupunda da olublar. Balacalar onları maraqlı çıxışlar və şeirlərlə salamlayıblar. Burada 3 yaşdan 18 yaşadək 140 uşaq yaşayır.
Leyla Əliyeva uşaqlarla xatirə şəkli çəkdirib.
Uşaq evində kompüter otağı da fəaliyyət göstərir. Rəsm otağı ilə tanışlıq zamanı bildirilib ki, burada təlim-tərbiyə alan balacalar arasında çoxlu istedadlı uşaqlar var. Heydər Əliyev Fondunun dəstəyi ilə balacalar Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, Belarus və digər ölkələrdə keçirilən müxtəlif beynəlxalq yarış, festival, müsabiqə və tədbirlərdə iştirak etmiş, diplomlar və mükafatlar qazanmışlar.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva uşaq evinin sərgi studiyasında olub. Uşaqların əl işləri ilə tanışlıq zamanı məlumat verilib ki, burada xalçaçılıq, rəssamlıq, informatika, kompyuter və digər dərnəklər fəaliyyət göstərir. Uşaq evinin sakini Əli Cəlilov toxuduğu xalçanı Prezident İlham Əliyevin ad günü münasibətilə Leyla xanıma təqdim edib.
Daha sonra Leyla Əliyeva 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən qızlar yataqxanasında olub. Burada çay süfrəsinə qonaq olan Leyla xanım qızlarla söhbət edərək onlara Yeni ildə uğurlar arzulayıb. Yataqxanada 50 mənzil var və burada 18 yaşı tamam olandan sonra uşaq evindən ayrılan 100 qız yaşayır.
Leyla xanım Əliyeva yataqxananın sakinləri ilə xatirə şəkli çəkdirib.
Modern.az