Azərbaycan prezidenti İlham Əliyevin dünən imzaladığı əfv fərmanı ilə AŞPA-nın ölkəmiz üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısında olan 14 nəfər məhbus azadlığıa buraxılıb. Bu barədə Modern.az-a hüquq müdafiəçisi Səidə Qocamanlı bildirib.
“Kristafer Ştrasselin də siyahısında qeyd olunan insanların 14 nəfərinin azadlığa çıxması müsbət haldır. Güman edirəm ki, qış sessiyasında bunlar Avropa Şurası tərəfindən dəyərləndiriləcək”.
S.Qocamanlı qeyd edib ki, Monitorinq Qrupunun siyahısında adları qeyd olunan 4 nəfər əfv olunub. “Əfv fərmanının yüksək dəyərləndirirəm. Ona görə ki, mənsubiyyətindən asılı olmayaraq insanlar azadlığa buraxılıb və Yeni il bayramını və Həmrəylik gününü yaxınları ilə öz evlərində keçirəcəklər. Bu çox böyük uğurdur. Mən insanların azlığa çıxmağını təqdir edirəm və müsbət dəyərləndirirəm. Bizim təklif etdiyimiz siyahıdan da 4 nəfər əfv edildi. Əfv imzalanmamışdan öncə Monitorinq Qrupu olaraq prezidentə məktub yazmışdıq və siyahı təqdim etmişdik. Həmin siyahıda adları qeyd olunan Şahin Həsənli, Vidadi İsgəndərli, Taleh Xasməmmədov, Vaqif Abdullayev əfv olundu və artıq onlar evlərindədirlər”.
Gözlənilən nəticəni əldə etmədiklərini deyən hüquq müdafiəçisinin sözlərinə görə, bu o zaman baş verəcək ki, bizim siyahı tamamilə bağlansın.
“Bundan başqa Nigar Yaqublunun cəza müddətinin dəyişdirilməsi, digər jurnalistlərin, Fuad Hüseynovun, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da azadlığa buraxılmasını istərdik. Gələn il Azərbaycan Avropa Nazirlər Komitəsində sədrlik etdiyi bir il olacaq və biz arzu edərdik ki, gələn ilin ilk aylarında ümumiyyətlə Azərbaycanda siyasi məhbusla bağlı heç bir problem olmasın. Onların da hamısı azadlığa buraxılsın”-deyə Səidə Qocamanlı bildirib.
Gültəkin Ələsgər