Modern.az

““Milyarderlər ittifaqı” verdiyi vədlərə əməl edə bilməyəcək” - İDDİA

““Milyarderlər ittifaqı” verdiyi vədlərə əməl edə bilməyəcək” - İDDİA

Aktual

27 Dekabr 2012, 14:44

Prezident İlham Əliyevin Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu qəbul etməsi və Rusiyada yaradılan yeni təşkilatla bağlı ona xüsusi göstərişlər verməsi gündəmin əsas mövzusuna çevrilib. Uzun sürən danışıqlardan sonra ölkə başçısının cəmiyyətdə “Milyarderlər ittifaqı” kimi tanınan təşkilatının sədrini qəbul etməsi gözlənilməz olduğu kimi, müxtəlif söz-söhbətlərə də səbəb oldu. Hakimiyyətə qarşı müxalif mövqeyi ilə seçilən tanınmış kinodramaturq Rüstəm İbrahimbəyovun da təmsil olunduğu RATİ-nin bundan sonrakı fəaliyyətinin hansı istiqamətdə davam edəcəyi maraq doğurur.
Dəfələrlə hakimiyyət nümayəndələri tərəfindən tənqidlərə məruz qalan “Milyarderlər İttifaqı”nın bundan sonrakı taleyi necə olacaq, ölkə başçısının Abbas Abbasova verdiyi təlimat üzrə təşkilat hansı istiqamətdə fəaliyyətini davam etdirəcək?

Politoloq Qabil Hüseynli Modern.az-ın bu və ya digər suallarına aydınlıq gətirib. Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasının lüzumsuz olduğunu bildirən Q.Hüseynli qurumun əsas fiqurlarından olan Abbas Abbasovun prezidentlə görüşdən sonra verdiyi vədləri yerinə yetirə bilməyəcəyini deyib. Onun sözlərinə göə, təşkilatda milyarderlərin toplanmasından asılı olmayaraq, Abbas Abbasovun dediyi kimi, ittifaqın Azərbaycan dövlətçiliyinə xidmət etməsi inandırıcı görünmür:

“Görüşlə bağlı Abbas Abbasov müəyyən vədlər verdi, müəyyən fikirlər söylədi. İlk növbədə onu qeyd edim ki, Moskvada yeni diaspor təşkilatının yaradılmasına ehtiyac yox idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqına milyarderlərin toplanması onu göstərir ki, Abbas Abbasov gəlib burada müəyyən fikirlər söyləsə də, Rusiyada bu vədləri yerinə yetirməyə onun gücü çatmayacaq. Yaratdıqları təşkilat Azərbaycan dövlətçiliyinə  necə xidmət edəcək? Rusiyada qeydiyyatdan keçmiş, Rusiya vətəndaşlarından ibarət bir təşkilatdır. Bu təşkilatın yaradılmasına heç bir ehtiyac yox idi. Abbas Abbasov da söylədiklərini Rusiyada həyata keçirmək iqtidarında deyil.
Rusiyada yaradılan diaspor təşkilatı iki istiqamətdə fəaliyyət göstərə bilər. Birinci orada yaşayan azərbaycanlıların hüquqlarını qorumaq və Azərbaycanın haqq səsini Rusiya ictimai rəyində yaymaq. İkinci məqam isə Rusiya dövlətinə tabe olmaqdır”, - deyə politoloq şərh edib.

Q.Hüseynli “Milyarderlər İttifaqı”nın fəaliyyətinin davam etdirəcəyinə dair verilən mesajlardan sonra da qurumun əsas simalarından olan Rüstəm İbrahimbəyova qarşı Azərbaycan hakimiyyətin münasibətinin dəyişməyəcəyini vurğulayıb. Onun sözlərinə görə, hakimiyyət Rüstəm İbrahimbəyova heç vaxt “yaşıl işıq” yandırmayacaq:

“Rüstəm İbrahimbəyov Ziyalılar Forumunun sədridir. Bu təşkilat da hakimiyyətə o qədər də loyal münasibətdə deyil. Hətta mən deyərdim ki, Ziyalılar Forumu müxalifətdə olan bir qurumdur. Rüstəm İbrahimbəyova bir ziyalı kimi Azərbaycan xalqı hörmət göstərir. Amma onun siyasi mövqeyinə qarşı hakimiyyətin münasibəti dəyişə bilməz”.

Xatirladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 25-də Rusiya Azərbaycan Təşkilatları İttifaqının (RATİ) sədri, baş nazirin keçmiş birinci müavini Abbas Abbasovu qəbul edib. Görüşlə bağlı açıqlamasında Abbas Abbasov bildirib ki, dövlət rəhbəri təşkilatın fəaliyyətini istiqamətləndirərək öz tövsiyyələrini verib. A.Abbasovun sözlərinə görə, ittifaq  Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı