Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bu gün dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institulaşma) məsələsi üzrə KİV üçün təlim keçirilib. Təlimdə komitənin sədr müavini Aynur Sofiyeva, YUNISEF-in nümayəndəsi Munir Məmmədzadə, daha sonra Təhsil Nazirliyi, De-institulizasiya idarəsinin şöbə müdiri Şərafət Şirinli çıxış edib. O, çıxışında bir çox məqamlara toxunub və 2012-ci ildə bir çox uşaq evləri ilə bağlı gördükləri tədbirlər haqqında məlumat verib.
“Qusar şəhərində internat məktəbi ləğv olunaraq onun bazasında Qusar Peşə Liseyi yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 3 nömrəli xüsusi internat məktəbləri şagird kontinentinin azalması səbəbindən birləşdirilib. Respublikada 2012-ci ildə uşaq müəssisələrinin sayı 55-dən azaldılaraq 42 yer olub. Bunların bir çoxu peşə və ya ümumtəhsil məktəblərinə çevrilib. Bundan əlavə, işləyən valideynlərin uşaqlarının gündəlik olaraq başqalarına verilməməsi üçün reabilitasiya mərkəzləri yaradılıb. Günərzi qayğı və reabilitasiya mərkəzləri Sabunçu, Xəzər. Suraxanı rayonlarında yaradılıb. Bütün gün işləyən analar övladlarını bura qoya və axşam götürə bilərlər. İki reabilitasiya mərkəzi Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə Təhsil Nazirliyinin tabeliyinə keçib. Alternativ qayğı mərkəzinin yaradılması ilə 503 nəfər uşağın müəssisəyə yerləşdirməsinin qarşısı alınıb”, – deyə Ş. Şirinli məlumat verib.
Ş. Şirinli həmçinin bildirib ki, yeni ailə tipli kiçik qrup-ev yaradılıb. “Burada 10 nəfər uşaq cəlb olunub. Bunlardan doqquzu qız, biri oğlandır. Bura əsasən qızlar üçündür. Sadəcə qızla oğlan bacı-qardaş olduğundan oğlan da bura cəlb olunub. Qrup-evdə uşaqlar 18 yaşına qədər qala bilərlər, bir yandan məktəbə gedirlər. Əgər 18 yaşından sonra təhsillərini davam etdirsələr burada qala bilərlər, əks təqdirdə yox”.
Sevinc İltifatqızı