Modern.az

28 dekabr 1991-ci il... İşğaldan 21 il ötür

28 dekabr 1991-ci il... İşğaldan 21 il ötür

Aktual

28 Dekabr 2012, 08:00

Ərazi iddiaları ilə öz havadarlarının köməkliyi sayəsində bir milyonadək qaçqın və məcburi köçkün soydaşlarımızı ağır işgəncələrlə öz tarixi yurdlarından, doğma ocaqlarından didərgin salan ermənilər cəzasız qaldıqlarından daha da azğınlaşaraq qanunsuz, insanlığa sığmayan əməllərini davam etdirdilər. Separatçı hərəkat nəticəsində xalqımızın başına min bir faciələr gətirdilər. Məqsəd isə xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi.

1988-ci il 18 sentyabr hadisələrini törətməklə əsl niyyətlərini nümayişkaranə şəkildə həyata keçirməyə başladılar. Xankəndlilər doğma yurdlarından, evlərindən qovuldu, iş yerlərini tərk etməli oldular. Öz məqsədlərini mərhələlərlə həyata keçirən erməni şovinistləri 1991-ci il dekabr ayının 28-də sonuncu mərhələ kimi Kərkicahan qəsəbəsinə hücum edərək qəsəbəni işğal etdilər. Bununla da, Xankəndi şəhərinin işğalı tam başa çatdırıldı.

Xankəndi, eləcə də ətraf ərazilər üçün mühüm strateji əhəmiyyətə malik olan Kərkicahan qəsəbəsinin müdafiəsi kənd sakinlərindən ibarət yerli özünümüdafiə və yeni yaranmış olan polis dəstələri tərəfindən təşkil olunmuşdu. Təbii ki, Xankəndi istiqamətindən Kərkicahana doğru hücuma keçən erməni silahlılarının istifadəsində olan hərbi texnika və ağır silahların qarşısında bu cür müdafiə dəstələri son nəticədə geri çəkilməyə məcbur oldular. Lakin bütün bunlara baxmayaraq, özünümüdafiə dəstələrinin bir müddət erməni silahlılarının hücumlarının qarşısını almaları nəticəsində dinc əhali qəsəbədən çıxarıla bilmişdi.

Kərkicahan qəsəbəsi aşağı və yuxarı hissələrdən ibarət idi. Ümümilikdə isə 368 ev azərbaycanlıların, 54 ev isə ermənilərin idi.

İşğaldan əvvəl əhali 350 ailə təsərrüfatı nəzdində 1796 nəfər təşkil edib. 2 orta məktəb, 1 uşaq bağçası, 1 kitabxana, 1 klub, 1 ATS, 1 poçt, 10 dükan, 1 tibb ambulatoriyası, müxtəlif istehsal sahələrinə aid olan 5 sex və digər məişət-iaşə obyektləri dağıdılaraq ələ keçirilib. İşğal zamanı 18 nəfər şəhid olmuş, 1 nəfər itkin düşmüş, 28 nəfər isə yaralanmışdır. Ümumilikdə isə Dağlıq Qarabağ və ətraf rayonlar uğrunda gedən döyüşlərdə Kərkicahan qəsəbəsindən 34 nəfər (4 nəfər itkin) şəhid olmuş, 100 nəfərdən artıq insan yaralanmışdır. Şəhid olanlardan Atakişiyev Fərhad Rəhman oğlu “Azərbaycan bayrağı” ordeni, Quluyev İslam İdris oğlu və Əliyev İlham Bahadur oğlu “İgidliyə görə” medalı, Səmədov Gündüz Hidayət oğlu isə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Təbii ki, torpaqlarından didərgin düşən qaçqın və məcburi köçkünlərimizin öz ata-baba yurdlarına qayıtmaq istəyi bütün istək və arzuların ən alisidir. Hər bir Azərbaycan vətəndaşı kimi biz xankəndililər də günü-gündən çiçəklənən Azərbaycanımıza dayaq olmaq gücündəyik, əzmindəyik. Bu gün Xankəndi ziyalısının, gəncinin əsas problemlərindən biri konkret olaraq bir ünvana üz tutaraq öz fikrini ifadə etmək, onları narahat edən məsələlərlə bağlı müraciət edəcəkləri bir qurum, nümayəndəliyin olmamasıdır. Xankəndi şəhəri üzrə hər hansı bir icra qurumunun və ya nümayəndəliyin yaradılması bu regiondan olan əhalinin bir-biriləri ilə daha sıx əlaqə qurmasında mühüm rol oynaya bilər. Milli mənəvi dəyərlərimizin qorunmasında, Azərbaycançılıq ideyalarının gənclərə və gələcək nəsillərə ötürülməsində yaşlı və orta nəslin gənc nəsillə ünsiyyətinin vacibliyi böyük əhəmiyyət kəsb edir. Bu baxımdan icra qurumunun yaradılması gənclərin həyata baxışlarının, onların cəmiyyətimizdə gedən proseslərə yanaşma tərzinin və ictimai-siyasi fəallığının artırılmasında, həmçinin gənclərimizin ululularımızın uyuduğu torpaqlara öz əməlləri ilə can atmalarında faydalı olacağını düşünür və bu istəyimizin həyata keçəcəyinə böyük inam bəsləyirik.

Biz nə istəyirik? Doğma torpaqlarımıza, ata-baba yurdumuza qayıtmaq... və bu qayıdış üçün əlimizdən gələni etməyə hər an hazırıq...

Səbuhi Səmədov
122 saylı Xankəndi seçki dairəsindən
deputat köməkçisi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı