Bu gün Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev VİP-in qərargahında 2012-ci ilin yekunları ilə bağlı jurnalistlərlə görüş keçirib.
Modern.az-ın xəbərinə görə, başa çatmaqda olan 2012-ci ili ümumilikdə Azərbaycan adına itirilmiş növbəti il kimi dəyərləndirən Ə.Əliyev son on iki ayda ölkə həyatında baş vermiş ən vacib ictimai-siyasi, iqtisadi və mədəni hadisələri dəyərləndirib. VİP sədri eyni zamanda, Azərbaycanın da daxil olduğu coğrafiyda cərəyan edən ciddi regional prosesləri geniş təhlil edib.
Qarşıdan gələn 2013-cü ilin Azərbaycan üçün çox mühüm siyasi kampaniya - prezident seçkiləri ilə xarakterizə olunduğunu vurğulayan Ə.Əliyev mövcud şəraitdə hakimiyyətin və müxalifətin seçkiqabağı vəziyyətini ətraflı şərh edib.
Bu çərçivədə müxalifətin ölkədə köklü dəyişikliklərə nail olmasının dayanıqlı və səmimi birlikdən, ardıcıl və prinsipial fəaliyyətdən keçdiyini diqqətə çatdıran VİP sədri müxalifətin əsas qüvvələrinin bir araya gəlmələri üçün imkanların hələ qaldığını, onlardan düzgün istifadə olunmasının zəruriliyini bildirib.
Ə.Əliyev daha sonra görüşdə iştirak edən jurnalistlərin müxtəlif mövzularda çoxsaylı suallarını cavablandırıb.
Görüşün sonunda VİP sədri Ə.Əliyev iştirakçı jurnalistlərin timsalında ölkənin bütün media mənsublarını Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.