“Bir müddət əvvəl Türkmənistanda saxlanılan “Uran” gəmisinin Azərbaycana qaytarılması üçün Xarici İşlər Nazirliyi, baş nazir və prezident səviyyəsində iş aparılır”.
Bu barədə Modern.az-a “Qlobus-5” İKF şirkətinin direktoru Əvəz Babayev məlumat verib. O bildirib ki, Azərbaycanın Türkmənistandakı səfiri Vəhdət Sultanzadə də bu barədə güclü iş aparır. Onun sözlərinə görə, Azərbaycan tərəfindən də Vəhdət Sultanzadəyə hər cür köməklik göstərilir:
“Gəminin Azərbaycan tərəfinə qaytarılması ilə bağlı Türkmənistandakı səfirimiz Vəhdət Sultanzadəyə müraciət etmişik. O da məsələ ilə bağlı işlər aparır. Bəlkə mən də viza alıb ora getdim. Düzdür, mənim ora getməyim elə də böyük rol oynamır. Amma səfirimiz Vəhdət Sultanzadə bununla bağlı çox güclü iş aparır. Dövlət ona hər cür köməklik göstərir. Xarici İşlər Nazirliyi, baş nazir, hətta prezident səviyyəsində də iş aparılır”.
Qeyd edək ki, bir müddət əvvəl Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədov “Uran” gəmisində həbs edilmiş dörd azərbaycanlını əfv etsə də, gəmi hələ də Azərbaycan tərəfinə qaytarılmayıb.
Gültəkin Ələsgər