Modern.az

Siyasi partiyalar “Əjdaha”dan razı qaldılarmı? - SORĞU

Siyasi partiyalar “Əjdaha”dan razı qaldılarmı? - SORĞU

Aktual

29 Dekabr 2012, 14:19

2012-ci il siyasi partiyalar üçün hansı hadisə ilə yadda qaldı? Ümumilikdə ölkəmiz üçün əlamətdar hadisələr nələr sayıla bilər? Modern.az bir neçə siyasi partiya arasında sorğu apararaq, bu suallara cavab istəyib.

M.Qurbanlı: “2012-ci ilin sonunda YAP-ın say tərkibi 600 minə çatdı”

YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı partiyalarının uğurlarından söz açdı. “2012-ci il Yeni Azərbaycan Partiyası, ümumulikdə dövlətimiz üçün əhəmiyyətli oldu. Ən mühüm hadisələrdən biri bu il partiyanın 20 illik yubileyinin qeyd olunması idi. Həmçinin beynəlxalq əlaqələrimiz genişləndi. Partiyanın ayrı-ayrı ölkələrin siyasi partiyaları ilə, münasibətləri yeni mərhələyə qədəm qoydu. Bununla yanaşı, YAP-ın təşəbbüsü və rəhbərliyi ilə Bakıda Asiya siyasi partiyalarının 7-ci baş assemblyasiyası keçirildi. YAP burada Ermənistanın Azərbaycana təcavüzü, Qarabağ münaqişəsi ilə bağlı ümumi bəyannaməyə xüsusi maddə saldı. Asiya ölkələri partiyaları da Ermənistanın işğalçı siyasətini pislədi. 2012-ci ilin sonunda YAP-ın say tərkibi 600 minə çatdı. Bunu özü də bizim üçün ciddi göstəricilərdən biri oldu”.

Müsavat: “İsa Qəmbər  2013-cü il seçkisində iştirak edəcəyini açıqladı”

Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublu: “Partiya olaraq biz cari, ənənəvi həyatını yaşadıq. Partiyamızn tədbirləri keçirildi, divanın və məclisin toplantıları oldu. Ölkədə bir sıra hadisələr  Müsavatın hədəfləri, mübarizəsi ilə birbaşa və dolayısı yolla bağlı oldu. “Eurovision” mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində İctimai Palatanın etiraz aksiyaları oldu. Həmçinin başqa yazılı mətbuatla fəaliyyətimizi davam etdirdik. Biz o dövrü Müsavat üçün çox uğurlu hesab edirik. Çünki Azərbaycan həqiqətləri və reallıqlarının bütün dünyada olduğu kimi qəbul olunması üçün fürsətdən istifadə edildi. 2012-ci ilin digər uğurlarından biri də Arif Hacılı başqda olmaqla, 2011-ci il aprelində keçirilmiş aksiyada həbs edilmiş məhbuslar azadlığa çıxdılar. Elşad Abdullayevin yayadığı videolar ciddi hadisə idi. Düzdür, bunu bizim fəaliyyətlə birbaşa bağlılığı yox idi. Bu videolar ölkədə olan korrupsiya və rüşvətxorluğu mövcudluğunu bir daha təsdiq etdi. Eyni zamanda partiya başqanı İsa Qənbər mətbuata açıq şəkildə bəyan etdi ki, 2013-cü il prezident seçkisində iştirak edəcək. Azərbaycanın özünün tarixi inkişaf baxımından bu il uğurlu sayıla bilməz”.  

AXCP: “Təşkilatlanma ilə bağlı uğurlar əldə etdik”

AXCP sədrinin müavini, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Fuad Qəhrəmanlı bildirdi ki, 2012-ci il partiyaları üçün mühüm hadisələr müşahidə olundu. “Bu il ölkə gündəmini məşğul edən əsas məsələrdən biri Elşad Abdullayevin yayımladığı videolar oldu. Birmənalı olaraq Azərbaycan hakimiyyəti ifşa olundu. Avropa Birliyinin Azərbaycanda demokratik proseslərin dəstəklənmsi üçün qətnamə qəbul olundu. Eyni zamanda İctimai Palata tərəfindən kütləvi aksiyaların keçirilməsi onu göstərdi ki, 2012-ci il bizim üçün xalq, mübarizə ili oldu. AXCP-yə gəlincə, onu deyə bilərəm ki, təşkilati cəhətdən uğurlar əldə etdik. Əli Kərimlini minə yaxın gənclə keçirdiyi görüş bənzəri olmayan bir tədbir idi. Eyni zamanda İctimai Palatanın təşkilatlanmasında partiyamızın fəal iştirakı ciddi addım oldu. İP-ni regionlarda yerli qurumlarını təsis etməyə nail ola bildik. Bununla yanaşı, AXCP-yə üzv olmaq üçün vətəndaşlar tərəfindən çoxlu müraciət qəbul olundu. Bununla, partiyanın üzvlərinin sayında nəzərəçarpacaq artım müşahidə etdik”.   

Fazil Mustafa:  “BQP-nin 15-ə yaxın rayon təşkilatı formalaşdı”  

Böyük Quruluş Partiyasının sədri, millət vəkili  Fazil Mustafa qeyd etdi ki, 2012-ci ildə partiyasında siyasi aktivlik müşahidə olunmadı. “Bu il Azərbaycanın strateji hədəflərə çatması baxımından çox da yadda qalan, dövlətimizin gələcəyi ilə bağlı problemlərin həllində irəliləyiş olmadı.  Xüsusilə Qarabağ məsələsində pozitiv mənada hər hansı dəyişiklik olmadı, əksinə geriləmə müşahidə olundu. Amma müəyyən müsbət irəliləyişləri də nəzərdən qaçırmaq olmaz. Siyasi partiyalar haqqında qanuna yenidən baxılması, eks prezidentlərin statusunun qəbul olunması, bir sıra fərmanların prezident tərəfindən verilməsi, olimpiyadada idmançılarımızın uğurları 2012-ci ilin yadda qalan hadisələridir. Siyasi partiyalara maliyyə ayrılması Böyük Quruluş Partiyası üçün əlamətdar oldu. Ancaq seçki ili olmadığına görə onu deyə bilərəm ki, partiyamız ictimai-siyasi həyatda aktiv rolumuz görünməsə də, təşkilatlanma işində xeyli irəliləyiş qazandıq. Eyni zamanda on beşə yaxın rayon təşkilatları formalaşdı”.  

İlyas İsmayılov: “Partiyamızın təşkilati cəhətdən möhkəmlənməsinə çalışdıq”

Ədalət Partiyasının sədri, millət vəkli İlyas İsmayılov Azərbaycan üçün ən vacib siyasi uğuru kimi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini  dəyərləndirdi. “2012-ci ildə partiyamızın təşkilati cəhətdən möhkəmlənməsinə çalışdıq. Əhəmiyyətli hadisə kimi partiyalara dövlət tərəfindən maliyyə ayrılması bir çox problemləri həll etdi. Ümumilikdə ölkəmizin nailiyyətlərinə gəlincə, qeyd edə bilərəm ki, Azərbaycanın beynəlxalq nüfuzu artdı. BMT Təhlükəsizlik Şurasının üzvü seçilməyimiz buna bariz nümunədir”.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı