Prezident İlham Əliyev dekabrın 30-da Bakının Xətai rayonunda yeni salınan parkda yaradılan şəraitlə tanış olub.
AzərTAc-ın məlumatına görə, iki hektar ərazisi olan parkda hovuz inşa edilib. Hovuzun mərkəzində Avstriya mütəxəssisləri tərəfindən qlobus formasında xüsusi sistem quraşdırılıb. Bu sistemə istənilən proqramı yükləmək mümkündür. Bu qurğu paytaxt haqqında məlumatları və müxtəlif reklam çarxlarını nümayiş etdirmək imkanına malikdir.
Parkın ərazisində çoxlu sayda ağac və gül kolları əkilib, yaşıllıq zolağı salınıb, paytaxt sakinlərinin istirahəti üçün lazımi şərait yaradılıb. Ətrafında da abadlıq işləri aparılmış parkın ərazisinə 10 min kvadratmetr qranit və xüsusi plitələr döşənib.
***
Dekabrın 30-da Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun ərazisində inşa olunan məscid kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov məscid kompleksinin layihəsinin baş planı əsasında Prezidentə məlumat verib. Bildirib ki, layihə üzrə yeni məscidin ümumi sahəsi 4 min kvadratmetr təşkil edəcək. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72, baş günbəzin hündürlüyü 55, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənəcək. Kompleksin daxilində isə tamamlama-bəzək işlərində mərmərdən və taxtadan istifadə olunacaq. Məscid kompleksinin həyətində 80 avtomobil üçün dayanacağın yaradılacağı da nəzərdə tutulur.
Dövlət başçısı inşaat sahəsini gəzdi, tikintinin gedişi ilə maraqlandı, müvafiq tapşırıqlarını verib.

