Modern.az

İçərişəhər Azərbaycan xalqına qaytarıldı...

İçərişəhər Azərbaycan xalqına qaytarıldı...

Aktual

2 Yanvar 2013, 11:38


Cəmiyyətimizin ictimai-siyasi həyatında və idarəetmə sistemində daim fəal mövqe tutmuş qadınlarımız bu gün müstəqil Azərbaycan Respublikasının daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, nəciblik, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində daha parlaq təcəssüm edir. O, son illər xalqımızın milli varlığını özündə yaşadan zəngin mənəvi, elmi-intellektual və mədəni mülkiyyəti müasir qloballaşma dövrünün mənfi təsirlərindən mühafizə etmək üçün genişmiqyaslı işlər görüb. Bu işlər sırasına dünya şəhərsalma sənətinin nadir nümunələrindən olan İçərişəhərin və onun ərazisindəki tarix-memarlıq abidələrinin qorunub saxlanması, konservasiyası və abadlaşdırılması, İçərişəhərin dünya səviyyəsində təbliği də daxildir.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin Mehriban Əliyevanın timsalında özünə etibarlı hami və xilaskar tapması mühüm məqam kimi qiymətləndirilməlidir. Ölkəmiz 1991-ci ildə öz müstəqilliyini əldə etdikdən sonra bir sıra beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq siyasətini həyata keçirməyə başlayıb. Belə təşkilatlardan biri də YUNESKO-dur. 1992-ci iyulun 3-dən YUNESO-nun üzvü olan Azərbaycan Respublikası ilə dünyanın bu aparıcı mədəniyyət təşkilatı arasındakı münasibətlərinin inkişafında, onun canlanmasında və güclənməsində Mehriban xanımın əvəzolunmaz rolu olub. Bu əməkdaşlıq sayəsində ikitərəfli əlaqələr möhkəmlənib, Azərbaycanın qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətinin bir parçasına çevrilib. Təsadüfi deyil ki, Mehriban xanım Əliyevanın bu istiqamətdəki xidmətləri YUNESKO tərəfindən yüksək qiymətləndirilib və 2004-cü ilin sentyabrında o, həmin təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.

Azərbaycanın mədəni və təbii irsinin qorunması işi  YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Dünyanın ən qədim memarlıq abidəsi olduğu üçün İçərişəhərin mühafizəsi təkcə Azərbaycan üçün deyil, həm də YUNESKO üçün çox vacibdir. Mehriban Əliyevanın məhz bu sahədə gördüyü işlərin əhatə dairəsi genişdir. İçərişəhərin mühafizəsi və abadlaşdırılması məsələsi Heydər Əliyev Fondu prezidentinin fəaliyyətində başlıca yerlərdən birini tutur. Onun özü bu barədə belə deyib: «Milli irsimizin heykəli olan İçərişəhərdə Azərbaycan memarlıq sənətinin ən gözəl nümunələri, tarixi yaddaşımızın təkrarolunmaz inciləri mövcuddur, Bu mədəni məkanın hər daşını qorumaq, onları öyrənmək, yaddaşlara həkk olunmuş qədim tariximizi nəsildən-nəslə ötürmək bizim mənəvi borcumuzdur».

İçərişəhər memarlıq kompleksinin YUNESKO-nun «Dünya Mədəni İrs Siyahısı»na salınmasında, eyni zamanda onun həmin təşkilatın təhlükədə olan aibidələr siyahısından çıxarılmasında Mehriban Əliyevanın xüsusi xidmətləri olub. Onun İçərişəhərin abadlaşdırılmasına xüsusi diqqət göstərməsi bu qədim şəhərin taleyində müsbət dəyişikliklərə təkan verib.

2008-ci ildə Heydər Əliyev Fondu prezidentinin təşəbbüsü ilə beynəlxalq ekspert layihə qrupunun İçərişəhərdə başladığı təmir işləri çərçivəsində Qoruq  ərazisindəki M.Ə.Sabir, Kiçik Qala, Böyük Qala, Qüllə küçələrində binaların fasadlarına daş üzlük çəkilmiş, dam örtüyü və eyvanlar dəyişdirilmiş, kommunikasiya xətləri təzələnmişdir. İçərişəhərin memarlıq inciləridən olan Qız qalasına milli ornamentli işıqlandırma sisteminin quraşdırılması da belə təşəbbüslərdəndir.

İçərişəhərin qorunub saxlanılması və abadlaşdırılması ilə bağlı «Menecment planı» və «Master plan»ının hazırlanması YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsüdür. Bu layihələrin hazırlanmasına dünyanın və Azərbaycnın tanınmış mütəxəssisləri cəlb olunub. 2009-cu il iyunun 19-da təqdimatı keçirilən «Master plan» İçərişəhərin baş planı olmaqla yanaşı, YUNESKO-nun Dünya İrs Komitəsi tərəfindən hazırlanması tələb olunan sənədlərdən biri idi.
Mehriban Əliyevanın İçərişəhərdə yerləşən Mirmövsüm Ağa ziyarətgahına tez-tez baş çəkməsi onun İslam dininə yüksək etiqadı və inamının göstəricisidir. Ziyarətgahın axundu Hacı Nizamın sözlərinə görə, Mehriban xanım ziyarətlərinin birində üzərində Mirmövsüm Ağanın təsviri olan xalçanı bu müqəddəs ocağa bağışlayıb: «Həmin xalça görkəmli xalça ustası Kamil Əliyev tərəfindən toxunaraq Heydər Əliyev Fonduna bağışlanmışdı. Mehriban xanım onu özü ilə gətirərək dedi ki, xalçanın yeri Mirmövsüm Ağanın ziyarətgahıdır».

Son illərdə məhz Mehriban Əliyevanın təşəbbüsü, YUNESKO-nun iştirakı ilə Bakıda təşkil olunan yüksək səviyyəli beynəlxalq tədbirlərdə dünyada sülh və sabitliyin möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun genişləndirilməsi, dini-irqi ayrı-seçkiliyin aradan qaldırılması kimi nəcib ideyalar üstünlük təşkil edib. Fondun çoxşaxəli fəaliyyəti YUNESKO tərəfindən diqqətlə izlənir və yüksək rəğbətlə qarşılanır. YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura bununla əlaqədar belə deyib: «Mənim Azərbaycana 2000-ci ildə ilk gəlişimdə ölkənizdə YUNESKO-nun mühafizəsi altında olan heç bir obyekt yox idi, indi isə İçərişəhər və Qobustan qoruğu «Dünya İrsi siyahısı»ndadır. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın mədəni irsin qorunması sahəsindəki fəaliyyəti əvəzsizdir, bu işlər təkcə Azərbaycan üçün deyil, bütövlükdə dünya üçün müstəsna əhəmiyyətə malikdir».

Yenicə başa çatan 2012-ci il də mədəniyyətimiz üçün mühüm nailiyyətlərlə yadda qaldı. Son qələbənin sorağı lin axırında gəldi. Azərbaycanın tar ifaçılıq sənəti YUNESKO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edildi. Bundan öncə Azərbaycan muğamı, aşıq sənəti, milli xalça sənəti bu siyahıya salınmışdı. Bu, çox böyük hadisədir. Çünki bu qərarla Azərbaycan xalqının yaradıcılığının daha bir növü bəşəriyyətin mədəni xəzinəsinə daxil edildi, onun məhz bizim xalqa məxsusluğu sübut olundu. Milli tar ifaçılıq sənətimizin YUNESKO-nun siyahısına daxil edilməsi Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin məntiqi nəticəsidir.

Bir sözlə, Heydər Əliyev Fondu keçmişimizdən yadigar qalmış mədəniyyət incilərimizin qorunması, bu sərvətin heç bir itkiyə məruz qalmadan gələcək nəsillərə əmanət edilməsi üçün məqsədyönlü fəaliyyət planına malikdir.


Pərvin Arzuqızı 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı