“24 ildir Xankəndidən köçkün düşən xankəndililər üçün birinci dəfədir ki, məktəb tikilir”. Bunu Modern.az- a açıqlamasında 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün Bakıda yeni binanın tikintisinə münasibət bildirərkən deyib. Milli Məclisin üzvü bildirib ki, məktəb Sabunçu rayonunun Ramana qəsəbəsində tikiləcək. F.Qasımova özünün və ölkəmizin ictimai-siyasi həyatında rol oynayan bir sıra şəxslərin həmin məktəbi bitirdiyini söyləyib.
“Özüm həmin məktəbi bitirmişəm. Milli Məclisin üzvü Elman Məmmədov, daxili İşlər naziri Ramil Usubov, Tibb Universitetinin professoru Mübariz Allahverdiyev, Milli qəhrəmanlar Şirin Mirzəyev, Nizami Məmmədov, bir çox professor və elmlər namizədləri həmin məktəbdə təhsil alıblar. Həmin məktəbi bitirən tanınmış insanlar çoxdur. Orada yalnız Azərbaycanlılar təhsil alırdı və öz ana dilimizdə dərs keçirilirdi”.
Məktəbin tikintisinə nə zaman başlanacağına gəlincə, deputat dəqiq məlumatının olmadığını deyib. “Son bir neçə gün bayram əlaqədar iş günü deyildi. Bu yaxınlarda Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşərək dəqiqləşdirəcəm”.
Qeyd edək ki, prezident İlham Əliyev 30 dekabr 2012-ci il tarixində Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbi 1945-ci ildən fəaliyyət göstərərək Azərbaycan təhsilinin inkişafına öz töhfələrini verib, Dağlıq Qarabağda azərbaycançılıq ideyalarının, ədəbiyyatımızın, mədəniyyətimizin, adət-ənənələrimizin qorunub saxlanılması və təbliğində, gənc nəsildə yüksək mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayıb.
Anar Kəlbiyev