Modern.az

“Qayğıya ehtiyacı olan uşaqların ictimai həyata aktiv qatılmasına nail olmalıyıq”

“Qayğıya ehtiyacı olan uşaqların ictimai həyata aktiv qatılmasına nail olmalıyıq”

Aktual

4 Fevral 2022, 15:46

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması, inklüziv təhsil prosesində iştirakı ilə bağlı problemlər aktuallığını qoruyur.

 

Modern.az Uşaq İnkişaf Mərkəzinin direktoru Aynur Musayeva ilə müsahibəni təqdim edir:

 

- Hazırda ölkəmizdə fiziki məhdudiyyətli uşaqların inklüziv təhsildən yararlanması ilə bağlı vəziyyət necədir? Göstəricilər qaneedicidir?

 

- Bu gun təhsil sahəsində ən vacib anlayışlardan biri  “inklüziya”dır. İnklüziya əliliyi olan bütün insanların cəmiyyətdə iştirakının artırılması prosesidir. Bu təhsilin elə bir inkişaf mərhələsidir ki, burada sağlamlıq məhdudiyyətləri olan insanlar təhsilə cəlb edilir. Bəli, fiziki və əqli inkişafında çətinlikləri olan insanların ictimai həyatda aktiv iştirakından bəhs edilir. Son zamanlar bütün dünyada inklüziv təhsillə bağlı ciddi irəliləyişlər əldə edilməkdədir. Tədqiqatlar göstərir ki, bu cür uşaqların fiziki cəhətdən sağlam uşaqlarla birgə, eyni sinifdə həyata keçirilən dərs prosesində iştirakı onlara təhsil və sosial baxımdan fayda verir. Azərbaycanda da çox sayda sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb edilib. Bir neçə ümumi təhsil və məktəbəqədər təhsil müəssisəsində belə şərait yaradılıb. Müvafiq dövlət proqramı icra olunur. Fiziki məhdudiyyətli insanlara dövlət qayğısı göstərilir, onlar üçün reabilitasiya mərkəzləri açılır, müxtəlif dərnəklər, peşə yönümlü kurslar fəaliyyət göstərir, işlə təmin olunmaları üçün iş yerlərinin yaradılır. Bunlar çox sevindiricidir. Amma bu sahədə hələ də çətinliklərimiz var. Xüsusən regionlarda əlilliyi olan uşaqların təhsili ilə bağlı görülməli işlər daha çoxdur. İnanıram ki, getdikcə daha çox sağlamlıq imkanları məhdud uşaqlar inklüziv təhsilə cəlb ediləcək. Həmin uşaqlar öz gələcəklərini bu təhsil sayəsində qura biləcəklər. Biz xüsusi qayğıya ehtiyacı olan uşaqların ictimai həyata aktiv qatılmasına nail olmalıyıq. Təhsil bu uşaqların öz güclərinə inamını artırır.

 

- Bu məsələdə valideynlərin üzərinə hansı vəzifələr düşür?

 

- İnklüziv təhsil sistemində məktəb-ailə ünsiyyətinin bir tərəfində məktəb durursa, digər tərəfində valideynlər dayanır. Bu gün sağlamlıq imkanları məhdud uşaqlar arasında təhsilə cəlb olunmayan, ümumiyyətlə bütün gününü evdə, 4 divar arasında keçirənlər az deyil. Bu uşaqların təhsildən kənar qalmasında valideynlərin də rolu var. Bəzən valideynlər uşaqlarının əlilliyindən utanaraq onların sosiallaşmasına şərait yaratmaqdan çəkinirlər. Əslində, bu cür xüsusi övlada sahib olan valideyinlər ilk öncə özləri hazır olmalıdırlar. Yəni, bu, heç də asan bir yol deyil. O övlada həm qayğı göstərilməli, həm psixoloji dəstək verilməli, həm də onun gələcəkdə bacarıqlı olacagına dair öz güvən aşılanmalıdır. Həm ata, həm ana bu işdə böyük səbr və sevgi göstərməlidir. Sağlamlıq problemi hər kəsdə ola bilər. Bu uşaqların ilk öncə xüsusi qayğıya ehtiyacı var. Bu baxımdan əlilliyi olan uşaqların valideynlərinin özünə də təlim lazımdır. Məsələn, bizim mərkəzdə həftədə 2 dəfə belə təlim keçirilir. Valideynlər bu yolda övladı ilə birgə səbrlə addımlamağa hazır olmalı, uşağının inkişafı naminə əziyyətə qatlaşmaqdan çəkinməməlidirlər. Onu da deyim ki, sağlamlıq imkanları məhdud olan uşaqları ilə birgə yorulmadan, səbrlə bu uzun yolu gedən, sonda uğura, müsbət nəticələrə nail olan fədakar valideynlərimiz çoxdur. Həmin valideynlər alqışa layiqdirlər.

 

- İnklüziv təhsillə bağlı beynəlxalq təcrübə necədir? Bu təcrübəyə əsaslanaraq Azərbaycanda inklüziv təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün hansı addımlara ehtiyac görürsünüz?

 

- Dünyada inkluziv təhsillə bağlı yaxşı praktikalar var. Həmin praktikalar bir çox dövlətlər üçün yol xəritəsidir. Məsələn, “Hərkəs üçün təhsil” hərəkatı Finlandiyada inkluziv təhsilin inkişafı sahəsində mühüm rol oynayıb. Günümüzdə Finlandiyada bütün uşaqlar eyni təhsil sisteminin içərisində yer alırlar. Böyük Britaniya, Fransa,  Amerika Birləşmiş Ştatları, Avstraliyada xüsusi ehtiyacı olan şəxslər mümkün olan geniş və əhatəli təhsil sistemindən faydalanırlar. Bu məsələdə ən təsirli qiymətləndirmə, dərs proqramları, metodika və təhsil xidmətləri ilə yanaşı, ailə ilə məktəb arasında əməkdaşlığın forması da önəmlidir. Ölkəmizdə inklüziv təhsilin əhatə dairəsinin genişlənməsinə, belə məktəblərin sayının artırılmasına böyük ehtiyac var. Bu prosesdə müəllimlərdən də gözləntilər böyükdür. Cünki burada xüsusi, fərqli uşağın müəllimindən söhbət gedir. Psixoloji cəhətdən möhkəm, düzgün tədris edə bilən müəllimlərin seçilməsi çox vacibdir. Müəllimlər inklüziv təhsilin tətbiqində məktəb, uşaq və valideyn arasında körpü rolunu həyata keçirir. Bu baxımdan müəllim bacarıqlarının artırılması və inklüziv təhsili icra edəcək yeni nəsil müəllimlərin yetişdirilməsinə yatırım edilməsi önəmlidir. Bundan başqa, sağlamlıq imkanları məhdud şəxslərin təhsil müəssisələrində maneəsiz hərəkəti üçün pandusların, xüsusi liftlərin quraşdırılması, təhsil müəssisələrinin məlumatın vizual, səs və daktil formada alınmasını təmin edən vasitələrə ehtiyac var. İnklüziv təhsildə beynəlxalq təcrübədə istifadə olunan öyrədici elektron proqramların tətbiq edilməsi vacibdir. Bu uşaqların gələcəkdə peşə və əmək vərdişlərinə yiyələnməsi üçün xüsusi məktəblərdə tədris emalatxanalarının yaradılması da böyük önəm daşıyır. Düşünüürəm ki, inklüziv təhsil bütün təhsil pillələrində tətbiq ediləndən sonra hər bir məktəb əlilliyi olan uşaq üçün açıq olacaq.

 

 

- Bu gün fiziki məhdudiyyətli uşaqların müxtəlif sahələrdə istedadının, mümkün potensialının üzə çıxarılması üçün ailələr nələrə diqqət etməlidir?

 

- Bu, çox aktual və vacib sualdır. Mən özüm də sağlamlıq imkanları məhdud olan övlad anasıyam. Eşitmə və danışma məhdudiyyəti olmasına baxmayaraq övladımla birgə uzun illər həyat mübarizəsi aparmışam. Oğlumun bu gün rəssam kimi əldə etdiyi uğurların təməlində böyük səbr, qayğı, sevgi və zəhmət dayanır. Yəni, mən əlilliyi olan uşaqların valideynlərinə  ilk növbədə səbrli, təmkinli olmağı tövsiyyə edirəm. Onlara demək istəyirəm ki, övladınızın daxilindəki gücün, istedadın üzə çıxmasına kömək edin, buna birgə səy göstərin. Sağlamlıq imkanları məhdud olan uşaqlar çox istedadlı olurlar, onlara dəstək olun. Valideynlər heç vaxt bu cür uşaqlardan utanmamalıdırlar. Onlar da övladdır və sağlam övladla müqayisədə hansı nailiyyət əldə edəcəklərini zaman göstərir. Bu uşaqları çalışıb oxutmaq, təhsil vermək lazımdır. Fiziki əngəlli övladları təhsildən kənarda qoymayın. Valideynin üzərinə əsasən onlar kiçik olan vaxtı böyük yük düşür. Onların düzgün tərbiyəsi, doğru qidalanma qaydası, normal şəraitdə qayğı ilə böyüməsi və daha sonra təhsilinə xüsusi diqqət göstərilməlidir. Artıq bir zamandan sonra görəcəyik ki, onların bizə ehtiyacı yoxdur. Onlar öz ayaqları üzərində durmağı bacarırlar.

 

- Xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də gəncləri cəmiyyətimizə necə qazandıra bilərik?

 

- Cəmiyyət onları tanımalıdır. Düzdür, bu uşaqların hamısı gələcəkdə peşə sahibi ola bilməzlər. Amma oturduğu yerdə, evdə şəraitində nəyisə bacara bilərlər. Onlara dərzilik, rəssamlıq, toxuculuq, zərgərlik öyrətmək olar. Bu uşaqlarda müxtəlif sağlamlıq məhdudiyyətləri ola bilər. Ayaq və ya qol nahiyələrində, gözündə, qulağında, nitqində məhdudiyyətlər olur ki, biz bütün bunlara baxmadan, onları inkişaf etdirə bilirik. Bu gün fiziki məhdudiyyətləri olan rəssamlar var ki, fırçanı ayaq barmaqları ilə tutaraq rəsm çəkir və ya karandaşı ağzında tutaraq bunu edirlər. Yəni o insanlar nəyisə bacarır. Oturduğu yerdə dərzi, dülgər olan var, onlara sənət vermək, inkişaf etdirmək lazımdır. Görmə əngəlli insanlar var ki, toxuyur, şəkil çəkir, bunu etməyin müxtəlif üsulları var. Mən əslində “əlil” sözünü qəbul etmirəm, onlar xüsusi insanlardır. Həqiqətən fərqlidirlər. Onları inkişaf etdirmək, onlara cəmiyyəti sevdirmək, eləcə cəmiyyətə onları sevdirmək mütləqdir. Bir daha vurğulamaq istərdim ki, təhsilə əlçatanlıq fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyasında açar rolu oynayır. Onlar inklüziv təhsil imkanından yararlanaraq cəmiyyətin fəal üzvünə çevrilə bilərlər. Qoy, heç bir uşaq əlilliyinə görə təhsildən, cəmiyyətdən kənarda qalmasın. Cəmiyyət olaraq onlara mərhəmət etməyi yox, onları sevməyi öyrənməliyik.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı