Modern.az

Mərhum şair Ağa Laçınlının oğlu: “Torpaq Komitəsi əvvəldən qanunsuzluqlar edib”

Mərhum şair Ağa Laçınlının oğlu: “Torpaq Komitəsi əvvəldən qanunsuzluqlar edib”

Aktual

9 Yanvar 2013, 11:43

“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi əvvəldən bu məsələdə qanunsuzluqlar edib”. Modern.az-a açıqlamasında bu sözləri mərhum şair Ağa Laçınlının oğlu, “Mediaforum” saytının baş redaktoru Azər Qaraçənli deyib.

A. Qaraçənlinin sözlərinə görə, məhkəmənin qərar verməsi üçün ekspertiza keçirilməlidir: “Ekspertizada isə hər iki tərəf, biz və qarşı tərəf, eyni zamanda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nümayəndəsi iştirak eləməlidir. Amma neçə vaxtdır ki, bu ekspertiza məsələsi daşa dirənib. Deməli, hakimin qərarı belə olmuşdu ki, ekspertiza noyabrın 20-ə təyin olunmuşdu.  Biz gəldik əraziyə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi ekspertiza yerinə lazımı avadanlığı gətirməmişdi, halbuki həmin avadanlıq çox vacib idi. Ondan sonra da ekspertiza təxirə salınmışdı”.

Baş redaktor hakim Nurəddin Babayevin ekspertizanı dekabrın 6-da təyin etdiyini bildirib. “Amma bildirdilər ki, komitənin Badamdar üzrə nümayəndəsinin ailəsində hüzn düşüb, gələ bilməyəcək. Komitə nəyə görəsə başqa bir nümayəndə də göndərmədi. Halbuki, mütəxəssislər çoxdur. Daha sonra dekabrın 18-nə ekspertiza təyin edildi. Biz torpaq sahəsinə gəldik. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən də 3 nəfər və Ədliyyə Nazirliyinin eksperti gəldi. Amma komitənin nümayəndəsi dedi ki, indi yağış yağır yer sürüşkəndir və biz koordinatı müəyyənləşdirə bilməcəyəyik. Çünki avadanlığı avtomobilin baqajından çıxartsaq, üstünə yağış dəyəcək və texnika korlanacaq. Bizdə dedik ki, bu yağış səhərdən yağır. Siz bunu hakim Nurəddin Bağırova deyərdiniz və başqa vaxta təyin ediləydi”.

Azər Qaraçənli Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən narazı olduqlarını bildirib. Onun sözlərinə görə, komitə özünü çox şübhəli aparır: “Ekspertizanın baş tutmasının səbəbkarı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsidir. Biz hesab edirik ki, sözü gedən komitə əvvəldən bu işə qanunsuzluqlar edib. Bizim torpaq sahəsini zəbt edən tərəfin qanunsuz sənədlər əldə etməsində iştirak edib. İndi komitə həmin qanunsuzluğu davam etdirir. Müxtəlif yollarla ekspertizanın baş tutmamasına çalışır”, – deyə baş redaktor əlavə edib.

Qeyd edək ki, 1995-ci il yanvarın 27-də Səbail Rayon İcra Hakimiyyətinin 373 saylı sərəncamına əsasən, Ağa Laçınlıya fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsi ayrılıb. Ağa Laçınlı vəfat etdikdən sonra da həmin torpaq sahəsi ailənin mülkiyyətində qalıb. Lakin 2011-ci ildə həmin torpaq sahəsi zəbt edilib. Torpaq sahəsi Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rüstəm Məmmədovun icra başçısı işlədiyi zaman, 1995-ci il martın 15-də anası Biliy Məmmədovanın adına verdiyi 885 saylı sərəncam əsasında zəbt olunub.

Sentyabrın 6-da Ağa Laçınlının həyat yoldaşı Mələk Əliyeva Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyevə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə müraciət edərək Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 188-ci (torpaq üzərində mülkiyyət hüququnu pozma) maddələrinə uyğun olaraq sabiq icra başçısı Rüstəm Məmmədovun məsuliyyətinin müəyyənləşdirilməsini istəyib.

Sevinc İltifatqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı