Yanvarın 10-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində «Məişət zorakılığından zərər çəkmiş şəxslərə yardım mərkəzlərinin fəaliyyət Qaydası» və «Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası Qaydaları»nın icrasını təmin etmək məqsədilə yaradılmış işçi qrupun iclası keçirilib.
İclası giriş sözü ilə açan nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Elnur Sultanov Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2011-ci il tarixli 537 nömrəli Fərmanına əsasən, Nazirlər Kabinetinin 25 aprel 2012-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar barədə ətraflı məlumat verərək, məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət və qeyri-dövlət yardım mərkəzlərinin yaradılmasının həmin şəxslərin sosial müdafiəsi, onlara hüquqi, tibbi, psixi, sosial və digər yardımın göstərilməsi sahəsində mühüm addım olacağını vurğulayıb. İclasda adıgedən Qaydaların icrası, qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyası, məişət zorakılığının qarşısının alınması ilə bağlı görüləcək işlər barədə müzakirələr aparılıb.