Modern.az

Prezident 2013-cü ili “İKT ili" elan etdi

Prezident 2013-cü ili “İKT ili" elan etdi

Aktual

15 Yanvar 2013, 20:54

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib

Modern.az-ın AZTV-yə istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. İclasda  çıxış edən prezident ilham Əliyev qeyd edib ki, düşünülmüş iqtisadi siyasət nəticəsində bütövlükdə ötən il Azərbaycan iqtisadiyyatı üçün uğurlu olub. 2012-ci ildə Ötən il Ümumi daxili məhsul 2,2 faiz ,qeyri-neft sənayesi 8 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, əhalinin pul gəlirləri 13,8 faiz artıb, inflyasiya 1,1 faiz səviyyəsində olub. Dövlət başçısı ötən il sosial proqramların da uğurla icra olunduğunu diqqətə çatdırıb. Qeyd etdi ki, sovet dövründən dondurulmuş əmanətlərin vətəndaşlara kompensasiya şəklində ödənilməsi proqramının böyük hissəsi icra olunub. İnvestisiya xərcləri 22 milyard dollardan çox olub. Əlamətdar haldır ki, ümumi investisiyalar portfelində daxili investisiyalar üstünlük  təşkil edir.  Dövlət başçısı bildirib ki, bu ilin büdcəsi rekord səviyyəyə - 20 milyard manata çatıb. Hazırda ümumi valyuta ehtiyatları 46 milyard dollar həcmindədir. Ötən il sosial infrastrukturun yaradılması ilə bağlı görülən işlərdən danışan Prezident İlham Əliyev yüzlərlə məktəb, xəstəxana, idman qurğusu və digər sosial obyektlərin tikildiyini və əsaslı təmir olunduğunu diqqətə çatdırıb. Bildirib ki, bu sahədə ən böyük vəsait qaçqın və məcbur köçkünlərin həyat şəraitlərinin yaxşılaşdırılmasına sərf olunub. Dövlət Neft Fondundan 2012-ci ildə bu məqsədlə 300 milyon manat ayrılıb. Dövlət başçısı regionların inkişafı ilə bağlı qəbul edilən proqramların uğurlu icra nəticəsində ötən il 117 min və bütövlükdə ilk proqramın qəbul olunduğu vaxtdan bəri 1 milyon 200 min yeni iş yeri yaradıldığını diqqətə çatdırıb. Ötən il işsizliyin səviyyəsi 5,2 faizə , yoxsulluğun səviyyəsi isə 6 faizə düşüb. Prezident İlham Əliyev 2012-ci ildə Bakı və Bakıətrafı qəsəbələrinin sosial infrastuikrunun yaxşılaşdırılması, ölkədə sənayeləşmənin genişləndirilməsi, kiçik və orta sahibklarlığın inkişafı, ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı geniş tədbirlərin görüldüyünü də bildirib.

2012-ci ili Azərbaycanın xarici siyasətində uğurlu il kimi səciyyələndirən dövlət başçısı bu sahədə ən böyük nailiyyət kimi ötən il ölkəmizin BMT TŞ-na sədrlik etməsini önə çəkib.

Keçən  il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdən danışan Prezident İlham Əliyev vurğulayıb ki, Qoşulmama hərəkatının zirvə görüşündə və NATO-nun zirvə görüşündə qəbul edilən yekun sənədlərdə münaqişənin ölkələrin ərazi bütövlüyü əsasında həlli konkret olaraq öz əksini tapıb. Ordu quruculuğu ilə bağlı ötən il böyük işlərin görüldüyün diqqətə çatdıran  dövlət başçısı 2012-ci ildə ümumi hərbi xərclərin 3 milyard dollardan çox olduğunu, bu il isə həmin vəsaitin 3,7 milyard dollara çatdırılacağını bildirib.

Enerji sahəsində ötən il əldə olunmuş uğurlara toxunan dövlət başçısı Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən TANAP layihəsinin təməlinin qoyulmasını tarixi hadisə kimi dəyərləndirib.

İqtisadi İnkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət komitəsinin sədri Əli Həsənov, Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov ötən il görülən işlər barədə Prezident ilham Əliyevə məlumat veriblər.

2013-cü ildə də qarşıda duran  vəzifələrdən  danışan Dövlət başçısı əvvəlki illərdə olduğu kimi bütün proqram və layihələrin bu ildə də uğurla icra olunacağına əminliyini bildirib. Qeyd edib ki, İnvestisiya layihələri proqramlarında elektrik enerjisi və təbii qazla təchizat, həmçinin içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya tədbirlərinin genişləndirilməsi əsas yer tutacaq. Prezident İlham Əliyev deyib ki, bu ilin dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitin də həcmi artıb. 2013-cü ildə əmanətlərin kompensasiyası prosesi başa çatmalıdır, 70-dən çox tibb müəssisəsinin inşa edilməsi və təmir olunması, bütün qəzalı vəziyyətdə olan məktəblərin təmiri, maaşların və pensiyaların artırılması nəzərdə tutulur.

Prezident İlham Əliyev qarşıda duran vəzifələrdən birinin də makro-iqtisadi sabitliyin qorunmasından və inflyasiyanın 1 rəqəmli səviyyədə saxlanmasından ibarət olduğunu vurğulayıb. 2013-cü ildə korrupsiyaya qarşı mübarizə tədbirlərinin daha ciddi xarakter alacağını bildirən dövlət başçısı bununla bağlı elektron xidmətlərə keçid prosesinin sürətləndirilməsi, ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın təmin edilməsi ilə əlaqədar dövlət qurumlarına konkret tapşırıqlar verib.

Regionların inkişafına dair qəbul olunmuş 2-ci dövlət proqramının uğurla icra olunduğunu deyən Prezident İlham Əliyev investisiyaların böyük hissəsinin regionlara yönəldildiyini, bu sahədə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətini yüksək qiymətləndirib və bu fondun xətti ilə indiyədək sahibkarlara 1 milyard manata yaxın güzəştli kredit verildiyini, bu il  isə 250 milyon manat güzəştli kredit veriləcəyini qeyd edib.

Dövlət başçısı bildirib ki, 2013-cü ildə sənaye istehsalı ilə bağlı ciddi addımlar atılacaq.  Gəncə, Sumqayıt şəhərlərində , Bakının Qaradağ rayonunda sənaye mərkəzlərinin yaradılması və yeni texnoparkların genişləndirilməsi davam etdiriləcək. Prezident İlham Əliyev 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya oyunlarına hazırlıqla bağlı görüləcək işlərdən danışdı, gələn ay Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılacağını bildirib.

Sonda dövlət başçısı 2013-cü ili İnformasiya kommunikasiya texnologiyaları ili elan edib.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı