Yanvarın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Qarabağ QHT Koalisiyası 20 yanvar faciəsinə həsr olunmuş konfrans keçirib.
Konfrans şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Qarabağ QHT Koalisiyasının koordinatoru Vüqar Qədirov 20 yanvar hadisələrinin baş vermə səbəblərindən danışıb. Bildirib ki, Sovet İmperiyası 20 yanvarda Bakı şəhərində törətdiyi qətiamla xalqımızın azadlıq və müstəqillik əzmini qırmağa çalışsa da, əliyalın vətən övladları bu istəyin heç zaman gerçəkləşməyəcəyini öz canları, qanları hesabına sübut ediblər.
V.Qədirov 20 yanvar qırğınına, Dağlıq Qarabağda baş verən hadisələrə bu günə kimi beynəlxalq təşkilatlar tərəfindən hüquqi qiymət verilmədiyinin təəssüf doğurduğunu, buna baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini və öz haqlarını qorumaq gücündə olduğunu bildirib.
“Bu gün Azərbaycanın inkişafını gözü götürməyən dövlətlər, bəzi beynəlxalq təşkilatlar ölkəmizi zəiflətməyə, Ermənistanla eyni səviyyəyə salmağa, bununla da işğal olunmuş torpaqları Ermənistana hədiyyə verməyə çalışırlar. Son zamanlar bəzi beynəlxalq təşkilatların fəaliyyəti bu məkrli niyyətin hələ də onlar üçün prioritet olduğunu sübut edir”.
V.Qədirov deyib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya hesabatı layihəsinin (OCCRP) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev barəsində yaydığı qərəzli məlumat, ABŞ Dövlət Departamentinin Azərbaycanı Əfqanıstan, Liviya, və Sudan kimi dövlətlərlə müqayisə etməsi bu qəbildən olan addımlardır.
Tədbirdə digər çıxış edənlər – millət vəkili Xanhüseyn Kazımlı, İşğal Olunmuş Ərazilərdəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatının sədri Faiq İsmayılov, 20 yanvar faciəsi zamanı şəhid olmuş Allahyar Nəsibovun qardaşı şair Rövşən Aygünəş, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, QHT Əməkdaşlıq Alyansının həmsədri Rufiz Qonaqov 20 yanvarda şəhid olan həmvətənlərimizin xalqımızın müstəqilliyi və azadlığı yolunda canlarından keçdiyini və bu gün onların qürurla yad edildiklərini bildiriblər.

Şahanə Rəhimli