Bu gün “Bakcell” şirkətinin yeni reklam çarxı təqdim olunub. Modern.az-ın məlumatına görə, sürət brendinin təqdimatına həsr olunmuş reklam çarxının rejissoru “Resident Evil”, “Mortal Kombat” kimi məşhur filmlərin yaradıcısı Pol Andersondur.
“Bakcell” şirkətinin Baş İcraçı Direktoru Riçard Şirer bildirib ki, şirkətin yeni video çarxı çox xüsusi və özəldir. Onun sözlərinə görə, çarx “Bakcell”in “Mançester Yunayted” futbol komandası ilə tərəfdaşlığına əsaslanıb: “Sürət brendinin reklamında adından bəlli olduğu kimi biz sürətin gücünü, qüdrətini əks etdirmək istəyirik. Mən rejissor Andersonla söhbətimdə dedim ki, bu reklam bəlkə də ən keyfiyyətli reklam çarxı mükafatına layiq görüləcək. Anderson isə dedi ki, reklam çarxı ola bilsin ki, “Oskar”a layiq görüldü. Sürət data-kartı çox davamlı və ən yaxşı mobil internet xidmətidir. Bakı Pol Andersona çox yaxşı təsir etdi. Düşünürəm ki, Bakı Andersonun çəkiliş meydanına çevrilə bilər”.
R. Şirer onu da qeyd edib ki, bu reklam çarx çox xərc, zəhmət və vaxt baxımından şirkətə baha başa gələn xidmətlərdən biridir.
Reklam çarxın rejissoru P.Anderson deyib ki, çox nadir hallarda reklam çəkir. O, “Bakcell”in reklam çarxını mini-film adlandırıb: “Əslində reklamlar bəzən dəqiqədən də az olur, amma çox böyük zəhmət hesabına başa gəlir. Mən vaxtımın 95 faizini film çəkməyə həsr etmişəm. Adətən film çəkirəm, işimə coşqu ilə yanaşanda reklam çarxı da çəkirəm. Mən bu reklam çarxının “Oskar”a layiq görüləcəyini yəqin ki, bir neçə qədəh şərab içəndən sonra söyləmişəm. Amerikadakı reklam çarxlarına baxsanız çox darıxdırıcıdır. Məsələn hər hansı su brendinin reklamı zamanı yalnız suyun xeyirli olması təqdim olunur. Düşünürəm ki, çəkdiyimiz reklam çox maraqlı oldu”.
P. Anderson Bakı barədə təəssüratlarını da bölüşüb: “İnsanlar çox mehribandır, memarlıq abidələri çox möhtəşəmdir. Bakı gecələri əsrarəngizdir”.
Sevinc İltifatqızı