Modern.az

“Azərsu”da 20 yanvar şəhidləri anılıb - FOTOLAR

“Azərsu”da 20 yanvar şəhidləri anılıb - FOTOLAR

Aktual

18 Yanvar 2013, 16:02

“20 yanvar - Ümumxalq hüzn günü” münasibəti ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində anım mərasimi keçirilib.  Əvvəlcə faciə qurbanlarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov 23 il əvvəl baş vermiş hadisənin Azərbaycan xalqının  azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirib. “Azərsu” ASC-nin sədri qeyd edib ki, 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş  SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən Azərbaycan xalqı Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə qəti etirazını bildirib.

“SSRİ rəhbərliyinin ermənipərəst siyasətinə qarşı etirazlar böyüyərək bütün respublikanı əhatə edib. Xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına və böyük şəhərlərinə xüsusi təyinatlı qoşunlar yeridilib və onlar dinc xalqa qarşı qırğınlar törədib.
Nəticədə 134 mülki vətəndaş qətlə yetirilib, 600-dən çox adam yaralanıb. Həmin illərdə Azərbaycanın  haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında yaradılan informasiya blokadasına baxmayaraq, ən çətin günlərdə də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdi.
Ümummilli liderin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin verilməsi məsələsi yenidən gündəmə gəlmişdir. 1994-cü il martın 29-da Milli Məclis tərəfindən "1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında" adlı xüsusi qərar qəbul edilmişdir. 20 yanvar faciəsi qurbanlarının  əziz xatirəsini həmişə  uca tutan ümummilli lider onların adlarının əbədiləşdirilməsi, şəhidlərin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə daim diqqətlə yanaşmışdır. Bu humanist siyasət bu gün ulu öndərin layiqli davamçısı Möhtərəm Prezident İlham Əliyev tərəfindən davam etdirilir”.

Tədbirdə su təsərrüfatında çalışmış Cəbrayıl Xanməmmədovun faciə günü həlak olması, su təsərrüfatı işçilərindən Xariz Alimov, İvan Proxorov, Mirzə Qəniyev, Kamil Həzrətquliyev və Təranə İmanovanın  yaralandığı xatırlanıb.

Tarixçi alim Vəkil Həsənov qanlı hadisələrlə bağlı geniş çıxış edərək bildirib ki, 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq.

Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika komitəsinin sədri Akif Məmmədov, 20 Yanvar şəhidi Cəbrayıl Xanməmmədovun həyat yoldaşı  Şövkət  Xanməmmədova  çıxış edərək şəhidlərin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu bildiriblər.



Şahanə Rəhimli
                                                                       


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı