Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların Rusiyanın, o cümlədən MDB məkanındakı partiyalarla əlaqələri və əməkdaşlıqları hansı səviyyədədir? Modern.az bu mövzuda bir neçə partiyanı sorğulayıb.
YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çox geniş əlaqələrə malik olduqlarını dedi. “YAP-ın Rusiyanın “Vahid Rusiya” Partiyası ilə sıx əlaqələri var. Ukraynada da Regionlar Partiyası ilə. Qazaxıstanın Nur Otan partiyası ilə isti münasibətlərimiz nəticəsində bir-birimizin tədbirlərində iştirak edirik. Hazırda Tacikistanda hakimiyyətdə olan İmaməli Rəhmanın sədri olduğu Demokrat Partiyası ilə də yaxşı kontaktlarımız mövcuddur. Gürcüstandakı və Qırğızıstandakı mövcud siyasi partiyalarla da sıx əməkdaşlıq edirik”.
Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu qeyd etdi ki, əlaqələr intensiv xarakter daşımasa da mövcuddur. “Əlaqəmizin ən parlaq nümunələrindən biri Gürcüstanın Respublikaçılar Partiyası ilə əməkdaşlığımızdır. Hazırda həmin partiyanın rəhbəri Gürcüstan parlamentinin sədridir. Biz müttəfiq partiyayıq. Rusiyanın “Yabloko” Partiyasından Mitruxinlə görüşüm də olub. Partiyalararası münasibətləri də müzakirə etmişik. Ukraynada vaxtilə Viktor Yuşşenkonun rəhbərlik etdiyi partiya ilə sıx əlaqələrə malik olmuşuq. Əlaqələrimizin daha geniş coğrafiyanı əhatə etdiyini intensiv olduğunu isə demək düz olmazdı”.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, onların Rusiyanın və MDB məkanındakı siyasi partiyalarla heç bir əməkdaşlığı yoxdur.
ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, Rusiyada demokratik yönlü partiyalar olmadığı üçün heç bir əməkdaşlıq aparmırlar. “Bizdən fərqli olaraq, Rusiyanın demokratikləşməsi uğrunda mübarizə aparan partiya bu ölkədə yoxdur. Jirinovskinin sahib olduğu partiya Liberal-Demokratik Partiyası sadəcə formal olaraq bu adla fəaliyyət göstərir. Əslində onlar rus şovinizm və millətçiliyinin tərəfdarıdırlar. Onlarda formalaşmış partiya mövcud deyil. Buna görə də Rusiyada fəaliyyət göstərən partiyalarla biz əməkdaşlıq etmirik və əlaqə saxlamırıq. Vaxtilə Gürcüstanın Demokratlar Partiyası bizə müraciət etmişdi. Müəyyən əlaqələr oldu, amma bunu ardıcıl olaraq davam etdirə bilmədik”.
ASDP sədri Araz Əlizadə bildirib ki, Rusiyanın və MDB ölkələrinin bir neçə partiyaları ilə əməkdaşlıq edirlər. “Rusiyada Ədalətli Rusiya, Ukraynada Sosial Demokrat partiyası, Moldovada Sosial Demokrat partiyası, Belorusun iki sosial-demokrat partiyası ilə, Gürcüstanda leyboristlər və sosial demokratlarla, Qazaxıstanda sosial demokratlarla, Qırğızıstanda sosial demokratlarla əlaqələrimiz və əməkdaşlığımız var”.
Aqşin Kərimov