Modern.az xəbər verir ki, yanvarın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Komitə əməkdaşlarının, dini icmaların sədrləri, ilahiyyatçılar və dindarların iştirakı ilə 20 yanvar faciəsinin 23-cü ildönümi ilə bağlı anım tədbiri keçirilib. Tədbirdə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.
“Bu bizim müstəqilliyimizə doğru aparan yolda ilk böyük itki və qəhrəmanlıq nümunəsi idi. Bu bir daha sübut edir ki, Azərbaycan öz azadlığını qanı bahasına qazanıb”.
E. İskəndərov deyib ki, günahsız insanların qətli ilə nəticələnən 20 yanvar faciəsinə ilk dəfə olaraq siyasi qiyməti görkəmli siyasi xadim Heydər Əliyev verib.
Komitə sədri zaman-zaman bu cür faciələrlə üz-üzə qalan Azərbaycan bütün sınaqlardan uğurla çıxmağını və bu gün prezident İlham Əliyevin rəhbərliyi altında dünyada öz sözünün deyən ölkələr siyahısına daxil olduğunu vurğulayıb.
Çıxış edən Qfqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Fuad Nurullayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının Arxiyepiskopu Aleksandr İşein, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Katolik icmasının rəhbəri Vladimir Fekete və digərləri insanlığa qarşı həyata keçirilən bu terrorun qəbuledilməz olduğunu vurğulayaraq bu günə qədər cinayətkarların cəzasız qalmasından təəssüfləndiklərini ifadə ediblər, milli-dini azlıqların hər zaman xalqımızla birgə olduğunu vurğulayıblar.
Modern.az