Modern.az

"Rüstəm İbrahimbəyov kiməsə heç «xaç atalığına» da yaramır"

"Rüstəm İbrahimbəyov kiməsə heç «xaç atalığına» da yaramır"

Aktual

18 Yanvar 2013, 22:04

Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov hakim partiyanın saytına müsahibəsində Azərbaycan Ziyalılar Forumunun təsisçilərindən olan kinodramaturq Rüstəm İbrahimbəyovun siyasi fəallığının artmasına münasibət bildirib.

Ə.Əhmədov deyib ki, Rüstəm İbrahimbəyovun siyasi həyata təsiri elə böyük deyil ki, ona xüsusi diqqət yetirəsən.
”Rüstəm İbrahimbəyov ritorikasında ciddi dəyişiklik edib. Əvvəllər siyasətlə məşğul olmadığını bildirirdi, indi isə açıq şəkildə siyasətlə məşğul olduğunu etiraf edir. Əslində, əvvəllər də onun bütün bəyanatları siyasi xarakterli idi, yalnız siyasətlə məşğul olduğunu etiraf etmək istəmirdi.
Yəqin ki, prezident seçkilərinin yaxınlaşması müəyyən mənada səbəb rolunda çıxış edir. Bilirsiniz, seçki öncəsi sanki bir yaz yağışıdır, torpaq nəm olur, altındakılar üzə çıxır. Sonrası da məlumdur – qurd-quşa yem olur. Lakin mən seçki amilini həlledici və yeganə səbəb saymıram. Mənim müşahidələrim onu deməyə əsas verir ki, Rüstəm İbrahimbəyovun davranışının hərəkətverici qüvvəsi qəzəb, kin və qisas almaq hərisliyidir. Təəssüf ki, o özünün hansısa problemini və ya kiminləsə şəxsi ədavətini siyasi üsullarla həll etmək istəyir. Və ən təəccüblüsü də budur ki, vasitə qismində prezident seçkilərini seçib. Belə bir seçimin sırf praktik rasionallığını kənara qoyub, mənəvi məsuliyyətini qeyd etmək istəyirəm. Atalar yaxşı deyib: qəzəbli başda ağıl olmaz. Siyasət insanın şüurlu seçimi olmalıdır. Qəzəblənib «haqq-hesab çürütmək» məqsədilə siyasətə qoşulmaq, xüsusilə də, prezident seçkiləri kampaniyasında bu motivə istinad etmək həm təhlükəli, həm də siyasi əxlaq baxımından qüsürludur”.
 
Rüstəm İbrahimbəyov 50 illdən çoxdur ki, yaradıcılıqla məşğul olduğunu xatırladan Əli Əhmədovun sözlərinə görə, kinodramaturq yenicə atıldığı siyasət meydanında siyasətçi məsuliyyətini hələ tam dərk edə bilmir.

Rüstəm İbrahimbəyov üçüncü qüvvədən bəhs etməsinə toxunan YAP rəsmisi deyib ki, o, yaşlı və təcrübəli yaradıcı ziyalı olsa da, çox «gənc» siyasətçidir.

”Üçüncü qüvvə məsələsinə gəldikdə, mən bilmirəm Rüstəm İbrahimbəyovdan ötrü bu anlayışın məna yükü nədən ibarətdir? Bir «beşinci kalon» anlayışı da mövcuddur. Zaman-zaman işə düşmək istəyir. Rüstəm İbrahimbəyovun təqdimatında bunlar eynidir ya yox, deyə bilmərəm.
Elektoral mənada üçüncü qüvvənin olmadığı mənə gün kimi aydındır. Digər baxımdan, Azərbaycanda tam aydın siyasi ab-hava hökm sürür, təlatümlər üçün hər hansı səbəb və ya əsas yoxdur. Gözlənilməz siyasi proseslər proqnozlaşdırmaq üçün həddən ziyadə fantasiya işlətmək lazımdır. Arzu olunanı həqiqət kimi qələmə vermək bədii yaradıcılıqda çox asandır. Əslində bədii yaradıcılıq sahəsində çalışanlar elə bununla məşğuldurlar. Ancaq siyasətçi üçün arzu olunanı həqiqət saymaq məğlubiyyətə bərabər olur. Rüstəm İbrahimbəyov öz xəyallarında bir üçüncü qüvvə yaradıb. Lakin Azərbaycanın reallığında belə qüvvə mövcud deyil. Azərbaycan cəmiyyəti normal seçki ilini yaşayır və əminəm ki, seçkiöncəsi dövr də məhz belə olacaq”.

Ə.Əhmədov R.İbrahimbəyovun Milli Şüra ideyasına da münasibət bildidib.

”Azərbaycanın siyasi gündəmində nə milli şüra deyilən qondarma quruma, nə müvəqqəti seçkilərə (deyəsən Rüstəm İbrahimbəyov müvəqqəti prezident də seçmək istəyir) yer var. Azərbaycan 20 il öncə bu yolları keçib, acısını yaşayıb. Müvəqqəti dövlət başçısı da olub, milli şuralar yaratmaq istəyənlər də. Rüstəm İbrahimbəyov siyasi diletantlığı ucbatından dediklərini nə isə qeyri-adi saya bilər. Lakin Azərbaycan indi təklif olunan formada siyasi dəyişikliklər mərhələsini çoxdan keçib, dayanıqlı siyasi sistemini formalaşdırıb. Elektoral sistem formalaşıb və fəaliyyət göstərir. Cəmiyyətin siyasi ab-havası və siyasi ehtirasları tam aydındır. Azərbaycan cəmiyyətinə, ictimai rəyə qəfil təsir effekti sıfıra bərabərdir, xüsusilə nəzərə alsaq ki, belə bir alternativ qüvvə və şəxs yoxdur. Qəti olaraq deyə bilərəm ki, Rüstəm İbrahimbəyovun «üçüncü qüvvəsi» bu rol üçün təmamilə yararsızdır. O ki qaldı Rüstəm İbrahimbəyovun özünə, onun ictimai – siyasi nüfuzu və şəxsi keyfiyyətləri «millətin atası» olmaq arzularını təmamilə puç edir. O, kiməsə heç «xaç atalığına» da əməlli – başlı yaramır.
Sonda onu bildirmək istəyirəm ki, Azərbaycanda İlham Əliyev kimi güclü, xalqın inandığı lider var, onun arxasında möhtəşəm partiya – Yeni Azərbaycan Partiyası dayanıb. İlham Əliyevin, bugünkü hakimiyyətin ən böyük siyasi resursu xalq, onun inamı və dəstəyidir. Bu resurs nə «üçüncü qüvvəyə», nə də utopistlərin xəyallarına nə bu gün, nə də gələcəkdə yer qoymur”.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı