Modern.az

Təhsil Nazirliyi: “Şahmat fənnini tədris edən bəzi müəllimlər peşəkar şahmatçıdır”

Təhsil Nazirliyi: “Şahmat fənnini tədris edən bəzi müəllimlər peşəkar şahmatçıdır”

Aktual

19 Yanvar 2013, 10:28

“2012-2013-cü tədris ilinin yarım rübünün nəticələrinə əsasən şahmata böyük maraq var. Düzdür, çətinliklər oldu, amma biz bu maneələri dəf etdik. Təhsil şöbələri bu istiqamətdə yardımçı oldular, otaqlar ayırdılar, lazımi vəsaitlərlə şagirdləri təmin etdilər. Bizə daxil olan məlumata görə şahmat keçilən məktəblərdə bu fənnə böyük maraq var”. Bu sözləri Modern.az-a açıqlamasında Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov deyib. O qeyd edib ki, yarım rüb ərzində şahmat fənni üzrə göstəricilər uğurlu olub.

A. İbrahimov eyni zamanda şahmat fənninə aid artıq dərsliklərin hazırlandığını və yaxın günlərdə məktəblərə veriləcəyini vurğulayıb. O qeyd edib ki, dərs ilinin sonunda bu fənn üzrə dəqiqləşdirmələr aparıb növbəti addımları atacaqlar. “Ola bilər ki, artıq yeni dərs ilindən bütün məktəblərdə şahmat fənni tədris olunsun, amma çox ehtimal ki kadr problemi olacaq. İlin sonunda bu məsələ nazirin yanında müzakirə olunacaq və qərar qəbul olunacaq”. A. İbrahimovun sözlərinə görə şahmat fənnini tədris edən müəllimlərin içərisində peşəkar şahmatçılar da var. “Amma Təhsil Nazirliyi 2012-ci ilin yanvar və sentyabr aylarında şahmat fənnini tədris edəcək müəllimlərə təlim seminarları keçirib, onları müəyyən qədər bu sahədə məlumatlandırıb. Hazırda 379 məktəbdə şahmat fənni keçirilir və bu fənni tədris edən müəllimlərin əməkhaqqısı digər fənlərdə olduğu kimi müəyyən edilir”.

Şöbə müdiri bəzi valideynlərin məktəblərdə şahmat fənninin yaxşı tədirs edilməməsi və şagirdlərin bu idman növünü başqalarından öyrənməsi fikri ilə razılaşmayıb. O bildirib ki, məktəbdə şahmatın ilkin bilikləri və gedişləri öyrədilir. “Əgər həvəs yaranarsa və istedad varsa o zaman şagird Təhsil Nazirliyinin tərkibində olan şahmat məktəblərinə gedə bilər. Bütün respublika üzrə bu tip məktəblərin sayı 66-dır. “Onlar həmin şahmat məktəblərinə gedib dərnəklərə yazıla bilərlər, eyni zamanda əgər imkanları varsa, başqa şəxslər onlarla məşğul ola bilərlər. Bununla bağlı Təhsil Nazirliyində heç bir maneə yoxdur”.

 

Aytən Əliyeva

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı