
Uşaq dünyası – nağıl aləmidir. Orda gerçəkdəki kimi, həmişə iki qüvvənin – Xeyir və Şərin mübarizəsi gedir. Övladının qayğısını, nazını çəkən valideyn ilk çağlardan xələfinə nəyin pis, nəyin yaxşı olduğunu aşılamağa çalışır. Əlbəttə, konkret nümunələrlə. Dünya, Kainat, yaranış, varlıq, insan və ən əsası insanın həyatdakı missiyası haqqında ilkin bilgiləri başqa cür anlatmaq mümkün deyil.
Heydər Əliyev Fondunun böyüməkdə olan nəslə yanaşması fərqlidir. O, mistik işarələr, ovsunlayıcı kəlmələrdən istifadə eləmir. Şəfqətin, mərhəmətin, xeyirxahlığın Xeyri təmsil etməsi, yaxşı əməl olmasını, bəşərin ümumi maraqlarına cavab verməsini balacalara aşılamaq üçün Fond ortaya bu yöndə konkret, əməli işlər qoyur.
İlk baxışdan fikirləşirsən ki, buna ehtiyac varmı? Axı bu gün Azərbaycanda uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq Dövlət Proqramı həyata keçirilir və bu proqramlar vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malikdir. Üstəlik, 1998-ci ildən ölkədə uşaq hüquqları ilə bağlı qanunvericilik aktları qəbul olunmağa başlanıb və hazırda ümumən 72 qanun və 11 məcəllə uşaq hüquqlarını özündə əks etdirir. Amma bəşəri dəyərləri, anlayışları qanuna necə köçürəsən? Bunu təfəkkürü kövrək uşağa necə anladasan?
Məhz buna görə Heydər Əliyev Fondu öz fəaliyyətini elə qurub ki, azyaşlılar cəmiyyətdə dinc yanaşı yaşama, qarşılıqlı paylaşma, əltutma, qayğı və s. anlayışların nə məna verdiyini anlaya bilsinlər. Amma mühüm olan həm də budur ki, Fondun birbaşa adıyla desək, himayəsi təkcə valideynli yox, həm də kimsəsiz, yəni valideyn himayəsindən məhrum uşaqları əhatə edir.
Gəlin, sözçülüyə yuvarlanmamaq üçün faktlara müraciət edək. “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində Azərbaycan üzrə 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib, yeni avadanlıqla təchiz olunub, əlavə yardımçı binalar inşa edilib və kommunal şərait yaxşılaşdırılıb. Müəssisələrdə kitabxanalar yaradılıb, onlar müvafiq tədris vəsaiti və bədii ədəbiyyatla təmin olunub, əksər uşaq evləri və internat məktəblərində kompüter avadanlığı quraşdırılıb, sinif otaqları interaktiv təhsil üçün uyğunlaşdırılıb. Uşaq evləri və internat məktəblərində tərbiyə alan yeniyetmələrə vətənpərvərlik hissinin aşılanması, onların istirahətinin və asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə Heydər Əliyev Fondu ardıcıl olaraq kütləvi tədbirlər, festivallar, müsabiqələr keçirir, müəssisələrdəki özfəaliyyət kollektivlərinə, musiqi, rəqs, xalçaçılıq, rəssamlıq dərnəklərinə lazım olan köməyi əsirgəmir. Fəaliyyət göstərdiyi dövr ərzində Fondun himayə etdiyi bütün uşaq müəssisələrinin musiqi dərnəkləri yeni musiqi alətləri ilə zənginləşdirilib, rəqs kollektivləri zəruri vəsaitlərlə təmin edilib.
2009-cu ildə Fondun təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış, yaşı 18-dən yuxarı olan qızlar üçün Bakının Nizami rayonunda inşa edilmiş 50 mənzillik yaşayış binası istifadəyə verilib. Binadakı mənzillər zəruri məişət avadanlığı ilə təmin olunub.
Fond uşaqların dünyagörüşünün genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə keçirilən beynəlxalq müsabiqələrdə onların iştirakını təmin edir, həmçinin digər ölkələrin analoji müəssisələrində tərbiyə alan uşaqların Azərbaycana gəlməsi və ölkəmizlə tanış olması üçün şərait yaradır.
2005-ci ildən etibarən Fondun həyata keçirdiyi proqramın əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir.
Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunub və yenidən qurulub. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompüter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi var.
Heydər Əliyev Fondu hər il “Təhsilə dəstək” layihəsi çərçivəsində Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın, məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə çanta və məktəb ləvazimatı hədiyyə edir. Gürcüstanın azərbaycanlılar yaşayan bölgələrindəki məktəblərə, həmçinin Azərbaycanın Qax, Zaqatala və Balakən rayonlarında tədrisin gürcü dilində aparıldığı məktəblərə də mütəmadi olaraq yeni dərslik və tədris ləvazimatları göndərilir. Bir sıra xarici təşkilat və şirkətlərin (“World Vision”, “JP Morgan”, “Exxon Mobil”, Rusiyanın “Puşkin kitabxanası” Fondu) Fonda hədiyyə etdikləri müxtəlif adda çoxsaylı nəşrlər ölkənin ali və ümumtəhsil məktəblərinə, uşaq evləri və internat məktəblərinin kitabxanalarına paylanıb. Bundan əlavə, Fond hər il yeni faydalı nəşrlər hazırlayaraq aidiyyəti üzrə təhsil müəssisələrinə paylayır.
2007-2008-ci illərdə “Təhsilə dəstək” layihəsi çərçivəsində Heydər Əliyev Fondu tərəfindən əyani vəsait kimi 140 adda plakat hazırlanaraq ümumtəhsil məktəblərinə paylanıb. Tədrisin keyfiyyətini yüksəltmək məqsədi ilə ilk dəfə olaraq Azərbaycan dilində müxtəlif fənlər üzrə hazırlanan plakatların hər birindən 10 min nüsxə olmaqla 1 milyon 400 min ədəd plakat çap edilib.
Layihə çərçivəsində təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması həyata keçirilir. 2005-2012-ci illər ərzində respublika üzrə 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. Fond tərəfindən 2008-ci ildə məktəbəqədər müəssisələr üçün nəzərdə tutulmuş müxtəlif mövzulu plakatlar, multimedia diskləri, tablolar, oyun və digər əyani vəsaitlər buraxılıb. Bu vəsaitlər mütəmadi olaraq hər il sözügedən müəssisələrə paylanır.
Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulub və əsaslı təmir olunub. Pakistanın Müzəffərabad şəhəri ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir.
2008-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Dmanisi rayonunda yeni kompüter tədris mərkəzinin binası, 2010-cu ildə Marneuli şəhərindəki 7 nömrəli Azərbaycan ümumtəhsil məktəbi, Tiflisdəki M.F. Axundzadə adına 73 nömrəli orta məktəb, Qardabanidəkı 3 nömrəli Azərbaycan məktəbi və Dmanisidəki 2 nömrəli Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmir olunaraq istifadəyə verilib.
2010-cu ildə Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbin binası əsaslı təmir edilib. 2011-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gürcüstanın Bolnisi rayonunun 3 kəndində yeni məktəb binaları inşa edilib.
Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki Uşaq Tibbi Reabilitasiya Xəstəxanası 1973-cü ildən fəaliyyət göstərir. Yararsız vəziyyətdə olan xəstəxana Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Yeni Günəşli yaşayış massivində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün reabilitasiya mərkəzi” Heydər Əliyev Fondunun və Rusiyanın “Uralsib” maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində inşa edilib.
Cəmiyyətin sosial qayğılarına daim diqqət yetirən Heydər Əliyev Fondu həyata keçirdiyi layihələrlə əhalinin səhiyyə problemlərinin aradan qaldırılmasında yaxından iştirak edir. Fondun başlıca vəzifələrindən biri uşaq evləri və internatlardakı uşaq və yeniyetmələrə, şəhid, qaçqın, məcburi köçkün və aztəminatlı ailələrdən olan, habelə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım etməkdir.
Fondun təşəbbüsü ilə paytaxt və regionlarda mütəmadi olaraq qanvermə aksiyaları, ürək çatışmazlığından, dodaq və damaq bitişməzliyi patologiyasından əziyyət çəkən uşaqlar üzərində əməliyyatlar, aztəminatlı ailələrdən olan şəxslərin müayinələri və digər tədbirlər həyata keçirilir.
2010-cu ilin dekabrında Heydər Əliyev Fondu tərəfindən Yekaterinburqdakı 1 nömrəli vilayət kliniki xəstəxanasının (VKUX) uşaq onkohematoloji mərkəzinə xüsusi tibbi avadanlıqla təchiz edilmiş “Sobol” markalı təcili yardım maşını hədiyyə edilib.
2011-ci ildə Heydər Əliyev Fondu Rostropoviç-Vişnevskaya Fondu tərəfindən “Hamilə qadınların Hepatit B və HİV-ə diaqnostikası və yeni doğulmuş uşaqların Hepatit B virusuna qarşı profilaktikası” proqramının həyata keçirilməsi üçün Rostropoviç-Vişnevskaya Fonduna maliyyə dəstəyi göstərib.
2012-ci il iyunun 14-də Beynəlxalq Donorlar Günündə Pakistanda talassemiya, hemofiliya və qan xərçəngindən əziyyət çəkən xəstələrin müalicəsi ilə məşğul olan bir neçə xəstəxananı özündə birləşdirən Həmzə Xeyriyyə Fonduna Heydər Əliyev Fondu tərəfindən xüsusi qanköçürmə və kiçik laboratoriya ilə təchiz olunmuş təcili tibbi yardım maşını və 2000 ədəd qanköçürmə paketi təqdim olunub. Eyni zamanda Fond Pakistanın Peşəvər şəhərində imkansız xəstələrin müalicə olunduğu Paxtunxva Göz Xəstəxanasına maliyyə yardımı göstərib.
Heydər Əliyev Fondu Azərbaycanı, onun tarixini və zəngin mədəniyyətini tanıtmaq məqsədilə mütəmadi olaraq müxtəlif ölkələrdən məktəblilərin Azərbaycana səfərlərini təşkil edir. Bu layihə çərçivəsində Heydər Əliyev Fondu, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi və Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurasının birgə əməkdaşlığı ilə amerikalı məktəblilər arasında Azərbaycanla bağlı inşa müsabiqəsi keçirilib. Üç min məktəbli arasında keçirilən müsabiqə 1 dekabr 2011-ci ildə başlayıb və 1 mart 2012-ci ildə başa çatıb. Müsabiqənin qalibi elan edilmiş 10 məktəbli və onları müşayiət edən şəxslər Azərbaycana səfər ediblər.
Söz düşmüşkən, Ümumbəşəri Məsələlərin Araşdırılması üzrə Amerika Şurası Birləşmiş Ştatların 40 ştatında yerləşən 100-ə yaxın nümayəndəlikdən ibarətdir və həyata keçirdiyi qlobal layihələrdə hər il 500.000-ə yaxın insan iştirak edir.
Talassemiyalı xəstə uşaqlar Fondun xüsusi qayğısı altındadır. Bundan başqa, Heydər Əliyev Fondu 2004-cü ildən “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsini həyata keçirir. Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın “Novo Nordisk” şirkəti ilə birlikdə reallaşdırılan layihə şəkərli diabet xəstələrinin səhhətini yaxşılaşdırmaq və pasiyentləri müasir müalicə vasitələri ilə təmin etmək məqsədi daşıyır. 2004-cü il dekabrın 7-də Bakıda layihənin təqdimat mərasimi keçirilib və xüsusi qeydiyyatda olan uşaqlara “Novo Nordisk” şirkətinin istehsal etdiyi yarımillik insulin ehtiyatı verilib.
Layihə çərçivəsində 2004-cü ildən başlayaraq Azərbaycanda diabet xəstəliyinə düçar olmuş xəstələr müntəzəm olaraq insulin preparatları və şpris-qələmlərlə təmin edilirlər. Layihəsi çərçivəsində 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə sosial qayğıya xüsusi ehtiyacı olan, şəkərli diabet xəstəliyinə tutulmuş uşaqların sosial-psixoloji reabilitasiyası üçün Lənkəran şəhərində, 2010-cu ildə isə Gəncə şəhərində istirahət düşərgələri təşkil olunub.
Ölkəmizin üzləşdiyi təcavüz, şübhəsiz ki, uşaqların həyatında da əksini tapıb. 2012-ci ilin fevralında Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Xocalı soyqırımının iyirminci ildönümü ilə əlaqədar “Uşaqlar və müharibə” mövzusunda respublika rəsm sərgisində nümayiş edilən 1200-dən artıq rəsmdə də bu əksini tapmışdı.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgi öz miqyasına görə dünya və Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı haqqında gənc nəslə geniş məlumat vermək, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş insanların xatirəsini ehtiramla yad etmək, məktəblilərdə Vətənə sədaqət və məhəbbət hissini gücləndirmək məqsədi ilə təşkil olunmuşdu.
Müasir İncəsənət Muzeyinin birgə layihəsi əsasında Nizami rayon 1 nömrəli uşaq evinin sakinlərinin əl işlərindən ibarət “Bacarıqlı əllərin böyük işləri” adlı sərgi isə gənc istedadların üzə çıxarılması məqsədi güdürdü.
Bütün bu faktlar Heydər Əliyev Fondunun gördüyü işlərin mində biri deyil. Həm də eyni xeyirxah məqsədlər oxşar faktların bu siyahıya əlavə olunacağı əsla istisna deyil. Təbii ki, bu işlərin təqdir edilməsi və mükafatlandırılması məsələsi də var. Fondun, habelə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və YUNİSEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan uşaqlarının II ümumrespublika forumunda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva “Uşaqların dostu” seçilib. Bu, bəşəri bir mükafat, fəxri addır. Ən böyük mükafat isə Şəri hər zaman sonda diz çökdürən Xeyrin təcəssümündən gələcək.
Pərvin Arzuqızı