2012-ci il ərzində Dövlət Statistika Komitəsinin bir sıra işçiləri cəzalandırılıb. Komitənin əmr, sərəncam və tapşırıqlarını yerinə yetirməyən dövlət qulluqçularına qarşı intizam tənbehi tətbiq edilib. Modern.az-ın xəbərinə görə, bu barədə komitənin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Statistika Komitəsinin 27 yanvar 2012-ci il tarixli kollegiyasının iclasında üzrlü səbəb olmadan iştirak etmədiyinə görə Daşkəsən Rayon Statistika İdarəsinin rəisinə kollegiyanın eyni tarixli qərarı ilə töhmət elan edilib, “Yerli statistika orqanlarında əmək intizamının möhkəmləndirilməsi və daxili intizam qaydalarına əməl olunması barədə” əmrin tələblərini pozduğuna görə Tərtər Rayon Statistika İdarəsinin rəisinə komitənin 7 mart 2012-ci il tarixli 31/k nömrəli əmri ilə töhmət elan edilib.
Hesabat və icraçılıq intizamında yol verdikləri nöqsanlara və icraçılıq intizamına nəzarəti lazımi səviyyədə təşkil etmədiklərinə görə Dövlət Statistika Komitəsi kollegiyasının 2012-ci il 25 aprel tarixli 10/1 nömrəli qərarı ilə Nəsimi Rayon Statistika Şöbəsinin rəisinə, komitənin 14 iyun 2012-ci il tarixli 91/k nömrəli əmri ilə İmişli Rayon Statistika İdarəsinin rəisinə, 27 iyun 2012-ci il tarixli 107/t nömrəli əmri ilə Sabirabad Rayon Statistika İdarəsinin rəisinə və rəis müavininə töhmət elan edilib.
Staj və sınaq müddəti ərzində vəzifə bölgüsünə əsasən həvalə olunmuş tapşırıqların yerinə yetirilməsində müntəzəm olaraq səhvlərə yol verdiyi və bununla əlaqədar verilmiş xəbərdarlıq və tapşırıqlara baxmayaraq işində müsbət dönüş yaratmadığına və rəhbərliyin verdiyi əmr, sərəncam və göstərişləri yerinə yetirmədiyinə görə komitənin 14 noyabr 2012-ci il tarixli 199/k nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı maddəsinə əsasən Mingəçevir Şəhər Statistika İdarəsinin 1 nəfər aparıcı məsləhətçisinin dövlət qulluğuna xitam verilib.
“Sənaye məhsullarının statistik təsnifatı”nın tətbiqi ilə əlaqədar bir sıra sənaye məhsullarının ölçü vahidlərində baş vermiş dəyişikliklərə nəzarət etmədiyinə görə Aparatın Qiymət statistikası şöbəsinin müdirinə komitənin 14 iyun 2012-ci il tarixli 91/k nömrəli əmri ilə töhmət elan edilib.
Aparatın Sənaye və tikinti statistikası şöbəsinin 5 nəfər mütəxəssisinə “Azərbaycanın regionları - 2012” məcmuəsinin sənaye bölməsində səhvlərə yol verdiklərinə görə komitənin 14 noyabr 2012-ci il tarixli 201/k nömrəli əmri ilə töhmət elan edilib.