
Azərbaycanın mərhum eks-prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi iddiası üzrə başlanmış cinayət işi hələlik dayandırılıb. Bu barədə Modern.az-a mərhum prezidentin qardaşı Almurad Əliyev məlumat verib.
“Hələlik cinayət işi ilə bağlı yeni bir məlumat yoxdur. Deyəsən məsələ hələlik dayandırılıb. Cinayət işi üzrə bizimlə də əlaqə saxlayıb heç bir məlumat verilməyiblər. Biz də hələ ki məsələnin sonunu gözləyirik. Təbii ki, biz dəfələrlə cinayət işinin əleyhinə olduğumuzu bildirmişik”,-deyə A.Əliyev bildirib.
Qeyd edək ki, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Əbülfəz Elçibəyin qəsdən zəhərlənməsinin araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açıb.
Bir müddət əvvəl Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva cinayət işi üzrə Bakı şəhər Prokurorluğunda ifadə verib.
Əbülfəz Elçibəy 1992-1993-cü illərdə Azərbaycanın prezidenti olub.
Anar RÜSTƏMOV