“Azərsu” Açıq Səhmdar Cəmiyyətində kadr potensialının gücləndirilməsi, işçilərin peşə hazırlığının artırılması istiqamətində həyata keçirilmiş daha bir layihə reallaşıb. Modern.az-ın məlumatına görə“Azərsu” ASC-nin Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlığı çərçivəsində İstanbul şəhərində təşkil edilən təlim kursları yekunlaşıb. Səhmdar Cəmiyyətin 80 mütəxəssisi təlimləri uğurla başa vurub. Yanvarın 22-də “Azərsu” ASC-də təlim iştirakçılarına sertifikatların verilməsi mərasimi keçirilib.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov ölkədə gənclər siyasətinin dövlətin prioritet məqsədlərindən olduğunu
xatırladaraq Səhmdar Cəmiyyətdə gənc mütəxəssislərin işə qəbuluna, onların fəaliyyətinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Səhmdar Cəmiyyətin sədri ölkədə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə məlumat verərək işlərin keyfiyyətli icrasını təmin etmək məqsədi ilə yeni texnologiyalardan və yüksək ixtisaslı mütəxəssislərin təcrübəsindən istifadə olunduğunu diqqətə çatdırıb. Gənc mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bilik və bacarıqlarının, iş təcrübəsinin yüksəldilməsi istiqamətində görülən işlər barədə məlumat verən “Azərsu” ASC-nin sədri ötən il 477 əməkdaşın müxtəlif sahələr üzrə təlim-tədris proseslərinə cəlb olunduğunu bildirib: “Bu sahədə Türkiyənin TeknoYapı şirkəti ilə əməkdaşlıq çərçivəsində 80 əməkdaşımızın İstanbul şəhər Sukanal İdarəsində təşkil olunan təlimlərdə iştirakını xüsusi qeyd etmək istərdim. Hər qrupda 20 nəfər olmaqla 4 qrup üzrə keçirilmiş təlimlərdə kimyaçılar, bioloq, mexanik, inşaatçı, energetik, layihəçi, hidrotexnik, metroloq, hidrogeoloq və ekoloqlar iştirak ediblərlər. Təlimlər Türkiyənin yüksək ixtisaslı alimləri və mütəxəssisləri tərəfindən keçirilib və istehsalat sahələrində olan əməkdaşlarımıza texnoloji proseslərin incəlikləri əyani şəkildə izah edilib. İstanbul şəhər Sukanal İdarəsi, Türkiyə Su İnstitutu və “TeknoYapı” şirkəti təlimlərin yüksək səviyyədə təşkilinə böyük dəstək göstərib”. Tədbirin sonunda təlimlərdə müvəffəqiyyətlə iştirak etdən gənc mütəxəssislərə sertifikatlar təqdim olunub.
Modern.az