Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun icraçı sədri Klaus Şvab ilə görüşü olub.
Modern.az AzərTAc-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə Davos Dünya İqtisadi Forumu arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib. Bu əlaqələrin son illərdə inkişaf edərək yeni mərhələyə daxil olduğu bildirilib. Bu Forumun, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa müsbət təsir göstərdiyi xüsusi qeyd olunub.
Ümumi razılığa əsasən, Davos Dünya İqtisadi Forumunun bu ilin aprelində Bakıda keçiriləcəyi və bunun mühüm hadisə olacağı vurğulanıb.
Klaus Şvab ümidvar olduğunu bildirib ki, Bakıda keçiriləcək Dünya İqtisadi Forumu Cənubi Qafqaz və Orta Asiya regionlarında əməkdaşlığın və inteqrasiyanın inkişafına töhfəsini verəcək.
***
Yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Mərkəzi Asiya üçün yeni üfüqlər” mövzusunda sessiyası keçirilib. Prezident İlham Əliyev sessiyada iştirak edib.
Bir sıra ölkələrin rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi sessiyada çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə gedən iqtisadi inkişaf prosesləri barədə danışıb. Dövlət başçısı son illərdə Azərbaycanda yüksək dinamik inkişafın müşahidə olunduğunu, ümumi daxili məhsulun üç dəfə artdığını diqqətə çatdırıb.
Enerji sahəsində Azərbaycanın əldə etdiyi uğurlardan danışan Prezident İlham Əliyev bildirib ki, ölkəmizdə qeyri-enerji sektorunun da inkişafı diqqət mərkəzində saxlanılır və bununla bağlı bir çox layihələr həyata keçirilir. Dövlət bu sahədə dəstəyini hər zaman nümayiş etdirir.
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə toxunan Prezident İlham Əliyev ölkəmizin qlobal iqtisadi və enerji layihələrində iştirakının əhəmiyyətindən söz açıb.
Dövlət başçısı regional əməkdaşlıq və digər məsələlərə də toxundu.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev sualları cavablandırıb.


Modern.az