Modern.az

Ermənistanda seçkilər nə vəd edir?

Ermənistanda seçkilər nə vəd edir?

Aktual

26 Yanvar 2013, 09:39

“2014-cü il müharibə ili ola bilər...”

Bu il f evralın 19-da Ermənistanda keçiriləcək prezident seçkiləri bu gün nəinki dünya mətbuatının, hətta Rusiya mətbuatının belə, diqqətini cəlb etmir. Bu isə özü-özlüyündə ondan xəbər verir ki, düşmən ölkənin seçkilərindən sürpriz gözləmək olmaz. Bunun isə bir sıra səbəbləri var. Bu səbəblərdən biri odur ki, hal-hazırda Rusiya prezidenti Vladimir Putinin başı Avrasiya İttifaqını yaratmaq cəhdlərinə qarışıb. Ermənistan isə məlum olduğu kimi, Rusiyanın vassalıdır və Rusiya İttifaq yaradılmasında bu ölkədən heç bir maneə gözləmir. Digər tərəfdən isə Rusiya bu ölkədə prezident seçkilərinə o qədər də maliyyə və vaxt itirmək istəmir. ABŞ-ın da hal-hazırda bölgədə daha ciddi problemləri və planları var. Başqa sözlə desək, Azərbaycandan fərqli olaraq iqtisadi və siyasi cəhətdən cəlbedici olmayan Ermənistanda keçiriləçək seçkilər üçün heç kim əlavə vaxt itirmək istəmir.

“Prizma” Analitik Mərkəzinin direktoru, politoloq İlkin Bağırov da Modern.az-a açıqlamasında deyib ki, Ermənistanda keçiriləcək prezident seçkilərindən hər hansı bir sürpriz gözləmir.

“Məncə hər şey hazırki iqtidarın planı üzrə gedir. Artıq hər şey Serj Sərkisyan yenidən hakim partiyanın namizədi seçiləndə bəlli oldu. Seçkilərdə Sərkisyana əsas rəqib ola biləcək şəxslərdən biri “Çiçəklənən Ermənistan” partiyasının sədri, oliqarx Qagik Sarukyan idi. Lakin o da mübarizədən geri çəkildiyini bəyan etməklə demək olar ki, bu seçkiləri mənasızlaşdırdı və intriqanı öldürdü. Digər rəqiblər, sabiq xarici işlər naziri Raffi Hovanisyan və keçmiş prezident, Ermənistan Milli Konqresinin sədri Levon Ter-Petrosyan da Sərkisyana müqavimət göstərə bilməyəcəklər. Çünki bunun üçün onların kifayət qədər resursları yoxdur”.

Politoloq bildirib ki, Sərkisyana qarşı münasibətdə Rusiya və Qərbin da əsk mövqedə olduğu açıq hiss olunmur.

“Hətta bir neçə beynəlxalq təşkilatların öz son hesabatlarında Ermənistanı qismən azad ölkələr siyahısında göstərmələri əslində bu iqtidarın dəstəkləndiyinin göstəricisidir. Lakin seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, düşünürəm ki, bütün hallarda uduzan Ermənistan xalqı olacaq. Onları bununla növbəti bir neçə ildə də səfalətə məhkum olunacaqlar. Seçkilərin nəticələrinin indidən bəlli olması və Serj Sərkisyanın yenidən prezident postunda qalması isə bölgə üçün bir təhlükə mənbəyinə çevrilə bilər. Çünki Sərkisyan Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətində hər hansı kompromisə meylli olmadığını və bu mövqeyinə sadiq qalacağını artıq sübut edib. Bu isə o deməkdir ki, Ermənistan onun rəhbərliyi altında növbəti 5 ildə də Dağlıq Qarabağ probleminin həllində üfüqdə işıq parlatmayacaq. Azərbaycan isə son illər hərbi potensialını və beynəlxalq aləmdə nüfuzunu artırmaqla dəfələrlə bəyan edib ki, əgər Ermənistan yaxın zamanlarda kompromisə getməsə, öz torpaqlarını azad etmək üçün ona verilən beynəlxalq hüquqdan istifadə edəcək və hərbi yolla da olsa, suverenliyini bərpa edəcək. Bu müharibə artıq əvvəlcədən Azərbaycanın qələbəsindən xəbər versə də, ümumilkdə region üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. Bu isə nə bölgə ölkələrinə, nə də bölgədə istisadi maraqları olan Qərbə sərf etmir. Bir sözlə, 2013-cü ilin sonunadək hər hansı yolla olrsa-olsun münaqişənin həllində nəticə əldə olunmasa, 2014-cü il müharibə ili ola bilər”.  

Hüseyn  Əlyarlı
   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı