Yanvarın 25-də “Four Seasons” mehmanxanasında “Business Time” jurnalının Azərbaycanda biznesin inkişafına dəstək məqsədi ilə təsis etdiyi ənənəvi “Azeri Business Award-2012” Milli mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan Nar Mobile 2012-ci ilin yekunlarına görə “İlin telekommunikasiya şirkəti” adına layiq görülüb.
Mərasimdə iştirak edən Nar Mobile-ın yeni Baş Direktoru Kent Maknili mükafat təsisçilərinə minnətdarlığını bildirərək, şirkətin cari və gələcək layihələri haqqında danışıb. “Çox şadam ki, Nar Mobile növbəti dəfə belə nüfuzlu mükafata layiq görülür. 2012-ci il Nar Mobile üçün bir sıra yenilik və nailiyyətlərlə yadda qalmışdır. Abunəçilərimizin sayı 25% artmışdır. Azərbaycanda ilk dəfə olaraq uçuş zamanı rabitə xidmətlərinin göstərilməsinə başlamışıq. Bundan əlavə, 2012-ci il London Olimpiya oyunlarında Milli Olimpiya yığmamızın rəsmi kommunikasiya tərəfdaşı olmaqla yanaşı, bir sıra sosial layihələrə imza atmışıq. Əminəm ki, 2012-ci ildə qazandığımız çoxsaylı uğurlar 2013-cü ildə də davamlı olacaq və abunəçilərimiz yeni uğurlarımızın şahidi olacaqlar” – deyə şirkətin Baş Direktoru Kent Maknili bildirib. Qeyd edək ki, Azeri Business Award mükafatı Nar Mobile şirkətinin təltif olunduğu ilk mükafat deyil.