Millət vəkili Qənirə Paşayeva Azərbaycanda orqan və toxumaların transplantologiyası işinin inkişafında göstərdiyi xidmətlərinə görə fəxri diploma layiq görülüb. Qənirə Paşayevaya mükafat Sabitlik və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda orqan və toxumaların transplantasiyası olunmuş şəxslər üçün keçirilən tədbirdə təşkilatın sədri Rasim Məmmədov tərəfindən təqdim edilib. Mükafata görə öz minnətdarlığını bildirən millət vəkili transplantologiya sahəsinin ölkəmizdə getdikcə inkişaf etdiyini və bu sahədə yetişən gənc mütəxəssislərimizin uğurlu əməliyyatlar aparmasının təqdirəlayiq olduğunu bildirib və bu cür uğurlu əməliyyatlar nəticəsində orqanların köçürülməsinə ehtiyac duyan xəstələrin yaxın gələcəkdə artıq xaricə üz tutmayacağına ümid etdiyini deyib.
Qənirə Paşayeva bir sıra gənc mütəxəssislərimizin bu sahədə yetişməsindən və uğurlu əməliyyatlarından danışıb. O, bildirib ki, insan həyatdan vidalaşdıqdan sonra öz orqanları ilə bir neçə insanın yenidən həyata qayıtmasına yardımçı ola bilərsə, o zaman niyə bu faydalı işi görməsin.
"Bu istər insani, istərsə də dini baxımından böyük hadisədir. Qurani- Kərimin “Maidə” sürəsinin 32-ci ayəsində deyilir ki, “bir insanı xilas edirsənsə, bunun savabı bütün insanlığı xilas etməyə bərabər tutulur”. Parlament bununla bağlı qanunu 1999-cu ildə qəbul edib. Bu qanunun yüksək səviyyədə həyata keçməsi ölkəmiz üçün vacib məsələlərdən biridir," - millət vəkili bildidib.
