Modern.az

“Elm siyasəti haqqında qanunun qəbulu prioritetdir” - Deputat

“Elm siyasəti haqqında qanunun qəbulu prioritetdir” - Deputat

Aktual

30 Yanvar 2013, 15:38

Fevralın 1-dən Milli Məclisin yaz sessiyası öz işinə başlayacaq. Artıq plenar iclasın gündəliyi də müəyyən olunub. Lakin hər bir komitənin daxilində müəyyən qanun layihələri hazırlansa da, onların heç də hər biri plenar iclaslarının gündəliyinə çıxarılmır.

  Modern.az Milli Məclisin Elm və təhsil komitəsində hansı qanun layihələrinin hazırlandığı, lakin müzakirə çıxarılmadığını öyrənib. Elm və təhsil komitəsinin sədr müavini Bəxtiyar Əliyevin sözlərinə görə, komitənin bilavasitə hazırladığı qanun “Elm siyasəti haqqında” qanun layihəsidir.

“Güman ki, bu yaz sessiyasında komitə işçi qrupu ilə bir yerdə müzakirə edəcək və Milli Məclisin yaz sessiyasında müzakirə edəcək. Amma bununla digər komissiyalarla birlikdə işlədiyimiz qanunlar da var. Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun layihəsi və digər qanunlara əlavə və dəyişikliklər var ki, başqa komitələrlə bir yerdə o məsələlərə baxırıq”.   B. Əliyev qeyd edib ki, komitə digər qanunlar üzərində də çalışacaq. “İşçi qruplarının yaradılması planlaşdırılır. Bu təhsilin standartları ilə bağlıdır. “Orta təhsil haqqında” və “Peşə təhsili haqqında” Qanun layihələri üzrə yaz sessiyası müddətində işçi qrupları yaradılacaq və bu qanun layihələrinin üzərində iş gedəcək. Çünki onlar o qədər sadə qanun layihələri deyil. Olduqca vacib zəruri olan qanunlardır. Çünki biz əsas “Təhsil haqqında” Qanunu qəbul etmişik. Amma ondan törəmə qanunlar olmalıdır, o qanunlarda ayrıca paket şəklində hazırlanmalıdır”.

“Ali təhsil haqqında” Qanun layihəsi ilə bağlı suala cavab verən millət vəkili bildirib ki, komitənin gündəliyində bu məsələ var  və onun müzakirəsi aparılacaq. “Amma ilk növbədə çox vacib olan “Elm siyasəti haqqında” qanunudur. Çünki “Təhsil haqqında” qanun qəbul edilib, “Elm siyasəti haqqında” Qanun qəbul edilmədiyi üçün burada bir sıra boşluqlar var. Yəni bu iki qanun ana qanunlardır. Bu qanun da qəbul edildikdən sonra artıq o biri qanunlar, məsələn, “Ali təhsil haqqında” Qanunun qəbul edilməsi bir xeyli problemi aradan qaldırar. Çünki bilirsiniz ki, bu magistratura pilləsində, ali təhsildən sonrakı təhsil, doktorantura məsələsi, eyni zamanda ali məktəblər və elmi-tədqiqat institutlarının birgə fəaliyyəti ilə bağlı məsələlər, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi ilə bağlı məsələlər var. “Elm siyasəti haqında” Qanun qəbul edilməlidir ki, bu sahədə olan elm və təhsil arasındakı əlaqələr qanunvericilik bazasında tam təmin edilsin. Ondan sonra o biri məsələlərin həll edilməsi xeyli dərəcədə asanlaşacaq”.  

Qeyd edək ki, fevralın 1-də keçiriləcək plenar iclasda adı çəkilən komitənin hazırladığı heç bir sənəd müzakirəyə çıxarılmayacaq. Eləcə də Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planı da hazırlanıb. Plana 14 məsələ daxil edilsə də, Elm və təhsil komitəsinin hazırladığı heç bir sənədin adı planda yoxdur.

Sevinc İltifatqızı  
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı