“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli (smart-kart tipli) su sayğaclarının quraşdırılması istiqamətində işləri sürətləndirib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, 2012-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında 19700 ədəd smart-kart tipli sayğaclar quraşdırılaraq istismara verilib. Bunlardan 7560 ədədi əhali qrupu, 12140 ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür.
Qeyd edək ki, smart-kart tipli su sayğacların quraşdırılmasına 2012-ci ilin may ayında başlanıb. İlkin mərhələdə smart-kart sayğacların quraşdırılması qeyri-əhali qrupu abunəçilərini əhatə edib. 2012-ci ilin oktyabr ayından əhali qrupu abunəçiləri də smart-kart tipli sayğaclarla təchiz edilibdir. Smart-kart sayğaclar Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı, Quba və Zərdab şəhərlərində də quraşdırılıbdır. Bölgələrdə həyata keçirilən su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri çərçivəsində bütün abunəçilər smart-kart tipli sayğaclarla təmin ediləcək.
Ümumilikdə 2012-ci ildə mexaniki və elektron tipli 65 min ədəd su sayğacı quraşdırılıbdır. 2013-cü il yanvarın 1-ə olan məlumata görə, “Azərsu” ASC üzrə abunəçilərin 550 minə qədəri və ya 47,5 faizi sayğaclarla təmin olunub.
Su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadə edən əhali qrupu istehlakçılarına sayğacların quraşdırılması Səhmdar Cəmiyyətin müvafiq xidmət sahələri tərəfindən dövlət hesabına həyata keçirilir və bunlara görə istehlakçıdan heç bir ödəniş tələb olunmur. Qeyri-əhali qrupu abunəçiləri üçün sayğacların quraşdırılması isə "Azərsu" ASC-nin müvafiq xidmət sahələri tərəfindən istehlakçının vəsaiti hesabına aparılır.

Modern.az