Modern.az

İmişlidən seçilən deputat: “Mediaya məqsədli dezinformasiya yayılır”

İmişlidən seçilən deputat: “Mediaya məqsədli dezinformasiya yayılır”

Aktual

31 Yanvar 2013, 14:30

Bu gün səhər saatlarından mətbuatda İmişli rayonunda etiraz aksiyaların keçirilməsi ilə bağlı məlumatlar yayılıb. İddialara görə, etirazçılar İmişli Rayon İcra Hakimiyyətinin inzibati binası önünə toplanıb. İmişli rayonundan seçilmiş millət vəkili Çingiz Qənizadə Modern.az-a açıqlama verib. Onun sözlərinə görə, İmişli ilə bağlı yayılan bütün məlumatlar həqiqətdən uzaqdır.

“Bu gün bəzi KİV-də İmişlidə guya aksiyaların keçirilməsi, polis müdaxiləsi, bir-iki nəfərin həbsi ilə bağlı dezinformasiya xarakterli məlumatlar yayılıb. Bu gün İmişlinin hüquq mühafizə orqanları ilə, icra başçısı ilə və digər şəxslərlə əlaqə saxladım. Məlum olub ki, bu gün qəbul günü iki nəfər qadın qəbula gəlib və onların evlərinin qəzalı olması ilə bağlı müraciət edib və yeni evin tikilməsi tələb ediblər. Onların da icraçı əsası olmadığına görə böyük bir səs küylə İcra Hakimiyyətinin binasından çıxıblar. Amma bunu dərhal dezinformasiya kimi mətbuata yayıblar”.

Deputat bu cür məlumatların yayılmasından təəssüf hissi keçirdiyini bildirib: “Belə hesab edirəm ki, burada maraqlı şəxslər var. Onlar təkcə İmişlidə deyil, Azərbaycanın digər yerlərində insanları aldatmağa, qızışdırmağa, yerli icra hakimiyyətli orqanlarının əleyhinə qaldırmağa çalışırlar. Bu yazıları Ağdaşda, Sabirabadda oxuyan adi bir vətəndaş hesab edə bilər ki, doğurdan da belə bir hadisə var. Amma belə bir hadisə olmayıb. Heç bir polis müdaxiləsindən, həbsdən söhbət gedə bilməz. Ümumiyyətlə, bir-iki nəfərin fikirlərini emosiya ilə bildirməsinə hər hansı bir müdaxilə də ola bilməz”.

Ç.Qənizadə aksiya ilə bağlı yayılan fotoya da fikir bildirib: “Çox maraqlıdır ki, mətbuata ötürülən insanların toplaşdığı şəkil dezinformasiyadır. İmişli Rayon İcra Hakimiyyətinin binası həmin şəkildəki bina deyil. Bu bir neçə il əvvəl hansısa rayonda bir tədbirdə arxa tərəfdən çəkilmiş şəkildir və onu da mətbuata ötürüblər. Yerli icra strukturları bu informasiyaların kimlər tərəfindən yayılması ilə bağlı araşdırma aparırlar, hüquq mühafizə orqanlarına da məlumat veriblər. Mən çox təəssüf edirəm ki, bizim bəzi mətbuatdakı dostlarımız mənbəyi və kökü məlum olmayan, həqiqətə söykənməyən informasiyaları ildırım sürəti ilə mətbuata yaya bilirlər. İmişli ilə bağlı yayılan bugünkü informasiyalar tam həqiqətə uyğun deyil”.

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı