Xalq yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” əsəri ətrafında yaranan qalmaqal səngimək bilmir. Belə ki, əsərdə yazıçı Naxçıvanın Əylis kəndində ermənilərin azərbaycanlılar tərəfindən öldürüldüyünü qələmə alıb və bunu müsahibəsində də iddia edir.
“O kənddə bu adamlar həqiqətən öldürülüb. Bu tarixdir, faktdır. 1919-cu ildə olub. İndi Əylisə getsən, qoca birini tapsan, bəlkə o özü öz gözüylə o hadisələri görüb. Mənim dayım da, nənəm də, anam da görmüşdü”.
Millət vəkili, professor Musa Qasımlı Modern.az-a açıqlamasında bildirib ki, erməni silahlı dəstələri bütün Naxçıvan ərazisində həm 1905-1906-cı illərdə, həm də Birinci Dünya müharibəsinin sonlarında, qarışıqlıq dövründə qırğınlar törədiblrər.
“Həmin qırğınlar nəticəsində Naxçıvanın demək olar ki, bütün kəndləri ziyan görüb, dağıdılıb, dinc insanlar öldürülüb, yaralanıb. Erməni silahlı dəstələri dinc insanlara qarşı ən amansız üsullarla soyqırımı həyata keçiriblər, yanar təndirlərə atıblar, su quyularına tullayıblar və s. Qadınları saç-saça bağlayaraq, küçələrdə gəzdiriblər. Sağ qalanlar isə canlarını qaçaraq qurtarıblar, onların bir qismi İrana, bir qismi isə Türkiyəyə keçib. Bütün Cənubi Qafqazda, o cümlədən Naxçıvanda baş verən bu qırğınları öyrənmək üçün həm mənbə hamının oxuya biləcəyi əsər Məmməd Səid Ordubadinin “Qanlı illər” əsəridir. Ordubadinin həmin əsərində əksini tapanların demək olar ki, böyük əksəriyyəti arxiv sənədlərində var”.
Əylis kəndində ermənilərin öldürülməsi məsələsinə isə millət vəkili belə cavab verib: “Ümumiyyətlə, tarixdə soyqırımı ermənilər azərbaycanlılara qarşı törədiblər. Azərbaycanlılar isə cavab verməyə məcbur olublar. Azərbaycanlılar ermənilərə qarşı heç bir zaman soyqırım törətməyiblər, yalnız cavab tədbirləri alıblar. Bu cavab tədbirləri Naxçıvanda da olub. Naxçıvanlıların mütəşəkkilliyi sayəsində erməni hücumların bir çox yerlərdə qarşısı alınıb. Hətta mənbələrin birində yazılır ki, ermənilər naxçıvanlıları o qədər mütəşəkkil hərəkət etdiklərini görüblər ki, onları türk sanaraq qorxularından qaçıb gediblər.”
Sevinc İltifatqızı
P.S. M. Qasımlının xatırlatdığı M.S. Ordubadinin “Qanlı sənələr” əsərindən seçməni Modern.az-da //modern.az/articles/33992/1/ oxuya bilərsiniz.