Milli Məclisin bugünkü plenar iclasında deputatlar yazıçı Əkrəm Əylislinin vətəndaşlıqdan məhrum edilməsi təklifini səsləndiriblər. Vətəndaşlıqdan məhrum edilmə ilə bağlı təklifi Modern.az-a şərh edən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, kimlərsə Əkrəm Əylisinin fikirləri ilə razılaşmaya bilər, amma bu onun azad düşünməsinə təzyiq edə bilməz:
“Mən hesab etmirəm ki, onun düşüncələrinə, fikirlərinə hansısa bir sanksiyalar tətbiq edilməsinə zərurət var”.
Ə.Nuriyevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində vətəndaşlıqdan çıxarılma ilə bağlı müddəa yoxdur.
“İnsanın özünün vətəndaşlıqdan imtina etmə haqqı var. Ümumiyyətlə isə bu barədə düşünmək düzgün deyil. Mən hesab etmirəm ki, belə total hücum, total yanaşma olmalıdır. Əkrəm Əylisli Azərbaycanın dəyərli yazıçılarındandır. İndi o bu cür düşünüb, belə yazıb. Mən kollektiv məhkumetmə məsələsini qəbul etmirəm”.
Sevinc İLTİFATQIZI