QHT Əməkdaşlıq Alyansı Xocalı aeroportu ətrafında gedən müzakirələrlə bağlı bəyanat yayıb. Modern.az-a daxil olan bəyanatda Ermənistan prezidenti Serj Sərkisyanın və digər erməni rəhbərlərin “Stepanakert aeroportu” kimi təqdim etdikləri Xocalı aeroportunun yaxın gələcəkdə açılacağı və yenidən işə salınacağı barədə fikirləri Azərbaycanın rəsmi strukturları, ictimaiyyəti və bütövlükdə vətəndaş cəmiyyəti institutları tərəfindən haqlı olaraq çox sərt reaksiya ilə qarşılandığı qeyd edilir.
Bəyanatda deyilir ki, sözügedən aeroport 1992-ci il fevralın 25-də işğal olunub. Ermənistanın həmin hava limanından bundan sonra hərbi məqsədlə istifadə edəcəyi şübhə doğurmur.
”Azərbaycanın hava məkanına xarici hərbi təyyarələrin daxil olması ərazi bütövlüyümüzün və suverenliyimizin pozulması ilə yanaşı, təyyarə uçuşlarını tənzimləyən Çikaqo Konvensiyasınin tələbləri ilə daban-dabana ziddir. Əslində, erməni separatçıları 21 il əvvəl Xocalıda törətdikləri cinayətlərə görə cavab verməlidir. Xocalı qətliamını törədənlər hərbi cinayətkar elan olunmalı və cinayətkarlar Beynəlxalq Hərbi Tribunal tərəfindən layiqli cəzalarını almalıdırlar”.
Bəyanatda qəti şəkildə bildirilir: ”Nə qədər ki, gec deyil, Ermənistan rəsmilərinin Xocalı aeroportu ilə bağlı yalnış mövqelərindən geri çəkilmələrini tələb edirik.”