Modern.az

İlham Əliyev: "...tıxaclarda qalmaq məcburiyyətində olmuşam"

İlham Əliyev: "...tıxaclarda qalmaq məcburiyyətində olmuşam"

Aktual

3 Fevral 2013, 14:29

Prezident İlham Əliyev Bakıda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində nəqliyyatla bağlı problemlərin həllinin vacibliyini vurğulayıb. Dövlət başçısı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin ilk iclasındakı çıxışında deyib:
"Mən demək olar ki, 2000-ci ildən bu yana bütün Yay Olimpiya Oyunlarında iştirak edirəm. Özüm bilirəm ki, qonaqlar üçün ən böyük problem yaradan məsələ məhz nəqliyyat məsələləridir. 2000-ci ildə mən Milli Olimpiya Komitəsinin prezidenti kimi, 2004-cü ildə artıq ölkə Prezidenti kimi açılış mərasimlərində iştirak etmişəm. Deyə bilərəm ki, nəqliyyat məsələlərinin həlli işində adi vətəndaşla dövlət başçısı arasında heç bir böyük fərq yoxdur. Necə ki, Milli Olimpiya Komitəsinin prezidenti kimi, ölkə başçısı kimi müxtəlif şəhərlərdə tıxaclarda qalmaq məcburiyyətində olmuşam. Bu, onu göstərir ki, oyunların keçirildiyi müddətdə nəqliyyat problemləri, hətta ən inkişaf etmiş ölkələrdə, ən inkişaf etmiş şəhərlərdə lazımi səviyyədə öz həllini tapmır".
Prezidentin sözlərinə görə, adi vətəndaşları, dövlət başçılarını ən çox narahat edən məhz nəqliyyat məsələlərinin düzgün səviyyədə həll olunmamasıdır:
"Mən indi şəhərlərin adlarını çəkmək istəmirəm, amma təcrübəm onu göstərir, əfsuslar ki, nəqliyyat məsələləri demək olar, hər bir vətəndaşı incidir. Adi vətəndaşlar, tamaşaçılar, qonaqlar, turistlər, rəsmi heyətlər saatlarla tıxaclarda qalmağa məcbur olmuşlar. Ona görə, deyə bilərəm ki, oyunları seyr etməyə gələn qonaq üçün bu, ən ağır sınaq olur. Çünki indi başqa şəhərə oyunları seyr etmək üçün gələn qonaq otel nömrələrini əvvəlcədən sifariş edir, ondan sonra istirahət üçün digər yerləri seçir. Ancaq nəqliyyat elədir ki, onu əvvəlcədən proqnozlaşdıra bilmir. Bu vəziyyətlə üzləşərkən əlbəttə ki, bu, insanları çox incidir. Ona görə baxmayaraq ki, son illər ərzində Bakı şəhərində nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün çox böyük işlər görülüb, yenə də əlavə tədbirlər görülməlidir. İdmançıların və qonaqların rahatlığı üçün xüsusi bir proqram tərtib edilməlidir".

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı