“Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli bildirib ki, İdarə Heyətinin iclasında qərar verilib ki, ölkədə son günlər bir-birinin ardınca baş verən hadisələrdən sonra yaranmış ictimai-siyasi gərginliyi nəzərə alaraq, Bakıda keçirmək istədikləri aksiya qeyri-müəyyən vaxta qədər təxirə salınsın.
Y.Cəfərli onu da qeyd edib ki, aksiya (mitinq) təxirə salınsa da, müdafiə naziri Səfər Əbiyevin istefa tələbinə yönəli imzatoplama kampaniyası davam etdiriləcək.
Xatırladırıq ki, ehtiyatda olan zabitlər yanvarın 18-də Bakı şəhər İcra Hakimiyyətinin başçısı H.Abutalıbova toplantının (mitinqin) keçirilməsi barədə xəbərdarlıq məktubu ilə müraciət etmişdi. Məktubda deyilirdi ki, QHT-lərin “Təhlükəsizlik, Demokratiya və İqtisadi İnkişaf Koalisiyası (“SeDEP” QHT-lər koalisiyası), o cümlədən bu koalisiyaya daxil olan “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyi ordu quruculuğu sahəsində baş verən korrupsiya, məmur özbaşınalığı, insan haqları pozuntusuna, silahlı qüvvələrdə baş verən ölüm hallarına və bu kimi kütləvi hal daşıyan digər qanunsuzluqlara, eyni zamanda bütün bu probləmlərə qarşı ictimai etinadsızlığa və biganəliyə etiraz bildirmək, ordu quruculuğu sahəsində mövcud olan problemlərə geniş ictimaiyyətin və ölkə rəhbərliyinin diqqətini cəlb etmək məqsədilə mitinq təşkil etmək niyyətindədir. Mitinqin 5 fevral tarixində Müdafiə Nazirliyinin giriş qapısından ən azı 300 metr aralıda nəqliyyatin hərəkətinə mane olmayan ərazidə təşkil edilməsi nəzərdə tutulurdu.